15 sentyabr 2020-ci il tarixində Ağdaş rayonunda mövcud sanitar epidemioloji şəraitə uyğun olaraq yeni dərs ili başlayıb.
“Newpost.az” xəbər verir ki, yeni dərs ili karantin rejiminin tələblərinə uyğun olaraq bu il fərqli üslubda təşkil olunub. Bütün ümumtəhsil məktəblərində dezinfeksiya tədbirləri həyata keçirilib. Karantin rejimi dövründə sanitar-epidemioloji şəraitin tələblərinə uyğun olaraq tədrisin təşkili ilə bağlı bütün ümumtəhsil məktəblərinə müvafiq qaydada təlimatlar verilib.
Təhsil Nazirliyi tərəfindən məktəblərə hərarətölçən cihazlar, maskalar və digər dezinfeksiyaedici məhlullar paylanılıb, uşaqların məktəbə qədər müşayiət edilməsi ilə bağlı valideynlər qabaqcadan məlumatlandırılıb.
Nazirliyin göstərişinə əsasən ilkin olaraq məktəblərə ibtidai siniflərin şagirdləri cəlb edilib. Dərslərin həftə ərzində əyani və distant (məsafədən) keçirilməsi nəzərdə tutulub.
Cari ildə rayonun ümumtəhsil məktəblərinin I siniflərinə 1400 nəfər, X siniflərinə isə 807 nəfər şagirdin cəlb edilməsi gözlənilir.
Eyni zamanda indiyədək rayonun ümumtəhsil məktəblərinə elektron ərizə ilə müraciət etmiş 1 236 nəfər 5 yaşlı şagirdin məktəbəhazırlıq qruplarına cəlb edilməsi təmin ediləcəkdir.
Qeyd edək ki, yeni dərs ilinə hazırlıqla əlaqədar Orta Ləki kəndində 480 şagird yerlik yeni məktəb binası və Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana – yeni məktəb” layihəsi çərçivəsində Yenicə kəndində 440 şagird yerlik yeni məktəbin tikintisində artıq son tamamlama işlərinə başlanılıb.