Bəzi iddialara görə, cinayətlərin xəyanət üstündə baş verdiyini deməklə, cinayətkarlar cəzalarının azalmasına nail olmaq istəyirlər, əslində isə…
Son dövrlər ailə-məişət zəminində baş verən cinayətlərin sayı artıb. Ölkədə ər və arvad qatili, gəlin və kürəkənin öz yaxın adamları tərəfindən qanının tökülməsi ilə bağlı baş vermiş cinayətlər haqlı narahatlıq doğurur. Cinayətlərin də əksəriyyətinin namus üstündə baş verdiyi bildirilir.
Bəziləri iddia edir ki, qadınlar əri tərəfindən xəyanətə görə qətlə yetirilir. Əksər cinayət işlərində də ər öz arvadını ona xəyanət etdiyi üçün öldürdüyünü deyir. Məsələn, bu yaxınlarda Tərtərdə arvadını məhkəmə binasında öldürən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Musavat.com xəbər verir ki, 1995-ci il təvəllüdlü Arzu Abbasovanı qətlə yetirən Anar Əliyev qətli xəyanətə görə törətdiyini söyləyib. Qadının “TikTok” sosial şəbəkəsindən tanış olduğu məlum olub.
Bəzi iddialara görə isə cinayətkarların xəyanət üstündə həyat yoldaşını öldürməsi kimi danışıqları tamamilə yanlışdır, bununla həmin cinayətkarlar cəzalarının azalmasına nail olmaq istəyirlər. Misal üçün, 16 il həbs cəzası kəsilən Səlim Əsədovun keçmiş arvadı Röyalə Tağıyevanı boğaraq qətlə yetirdiyi məlum olub, o, buna səbəb kimi mərhumun başqa şəxslərlə görüşməsi iddiasını ortaya atıb. Amma istintaq zamanı bunu sübut edə bilməyib. Şahidlər də Səlim Əsədovun dediyini təsdiq etməyiblər. Bu kimi faktların sayını artıra da bilərik. Amma burada bir sual yaranır, görəsən, cinayətlərin meydana çıxmasına rəvac verən xəyanətdirmi, yoxsa bu, başqa amillərlə bağlıdır? Bəziləri bildirir ki, sosial şəbəkələrin yaratdığı imkanlar bu nəticəyə gətirib çıxarır. Uzun illər qapalı və a-sosial olan qadın bu imkanlardan yeni tanışlıqlar, macəralar üçün istifadə edir, sonda da bu faciə ilə bitir. Bəs görəsən, səbəb həqiqətən də sosial şəbəkələrlə bağlıdır, yoxsa insanların psixoloji durumunda problemlər var?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı, psixoloq Rövşən Nəcəfov “Yeni Müsavat”a mövzunu belə şərh edib: “Ailə institutu yalnız qadın və kişinin bir dam altında yaşaması demək deyil. Ailə institutu həm hüquqi, həm də psixoloji bir anlayışdır. İki şəxs arasında ailə qurmadan öncə həm bioloji, həm də psixoloji uyğunluq olarsa, artıq hüquqi uyğunluğu
müəyyən edirlər və nikaha girirlər. Məsələn, bir çox ölkələrdə rəsmi nikahdan öncə cütlüklər ilk olaraq bioloji və psixoloji olaraq bir yerdə yaşayırlar. Sadəcə olaraq, artıq ailənin qurulması həm də iki insanın bir-birilərinə hüquqi olaraq bağlılığını formalaşdırmaqdır. Bu gün cinayətin istənilən forması hüquqi müstəvidə həll olunmalıdır, bizim namus cinayəti adlandırdığımız nəsnə əslində konservativ təfəkkürün avtoritar addımlarıdır. Bunu ona görə vurğulayıram ki, kişilər elə düşünürlər ki, qadınlar onların şəxsi mülküdür. Belə olan halda həm insan hüquqları pozulur, həm də fiziki, psixoloji şiddət ortaya çıxır, ailə institutu tamamilə dağılır. Bununla bağlı atılacaq əsas addımlar hüquqi və psixoloji maarifləndirmədir. Cəmiyyəti bu haqda geniş məlumatlandırmaq lazımdır ki, ailə qurmadan öncə cütlüklər, həm bioloji, həm də psixoloji uyğunluqlarını müəyyən etsinlər. Bioloji uyğunluq dedikdə, burada onların tibbi yoxlamadan keçməsi nəzərdə tutulur. Dünya təcrübəsində də var ki, evlilikdən öncə cütlüklər psixoloji ailə testlərdən keçirlər və daha sonra onlarla konsultasiya aparılır. Nə qədər ailə qurmağa uyğunluq var, ya yox, bu, müzakirə edilir, empatiya hissi izah olunur. Hazırda ailələrdə münaqişələrin yaranmasına əsas səbəb empatiyanın olmamasıdır. Yəni heç bir cins özünü qarşı tərəfin yerinə qoymur. Bu gün ailələr haqqında danışanda, oradakı cinayətlərlə bağlı fikirlər bildirəndə bir məqamı unuduruq. Ailədə heç bir münaqişə birdən-birə baş vermir. Çox təəssüf ki, Azərbaycanda ailə psixoloqları ilə bağlı bir ənənə yoxdur. Ailələr psixoloqlara müraciət eləmirlər və bunu doğru saymırlar. Elə düşünürlər ki, yalnız dəli olduğumuz halda biz psixoloqa getməliyik və buna görə də yaranmış xırda münaqişələr gələcəkdə böyük cinayətlərə çevrilir”.
Qurum rəsmisi vurğulayıb ki,
Dövlət Komitəsi məişət zorakılığı və bu kimi hallar baş verərkən aidiyyəti qurumlarla birlikdə müvafiq addımlar atılır: “Bununla bağlı biz hər zaman istər regionlarda, istər paytaxtda daimi olaraq hüquqi və psixoloji maarifləndirmə ilə bağlı seminarları aparırıq. Bundan əlavə, ailələrlə görüşürük, psixoloji reabilitasiyalar keçirilir. Həmçinin hüquqi müstəvidə addımlar atılır. Biz çalışırıq ki, daimi olaraq istər gənclər, istər də ailələr arasında hüquqi və psixoloji bilgiləri gücləndirək. Dövlət Komitəsi olaraq biz hər zaman vətəndaşlara bunu vurğulayırıq ki, istər fiziki, istər psixoloji zorakılıq olduğu halda bunu Dövlət Komitəsinə, digər aidiyyəti qurumlara bildirməkdən çəkinmədən müraciət etsinlər. Səslərini çıxarsınlar ki, biz o səsə tərəf gedək. Həmçinin komitənin 860 ”Qaynar xətti”nə müraciət etsinlər”.
Psixoloq əlavə edib ki, sosial şəbəkələrin bu cinayətlərə şərait yaratmasını, cinayətlərə təhrik etməsini ifadə etmək doğru deyil: “Biz düşünürük ki, sosial şəbəkələr insanların gözünü açır, yaxud da a-sosial insanı sosiallaşdırır. Bu, ailənin natamamlığından irəli gəlir. Əgər bu gün fikir bildirirsək ki, hər hansısa bir qadın, kişi sosial şəbəkədə macəra axtarır, bu, düzgün deyil. Çünki sosial şəbəkədə, ümumiyyətlə, heç bir sərhəd yoxdur. Biz burada qadının sosiallaşmasından danışırıqsa, kişinin də sosiallaşmasını xüsusi vurğulamalıyıq. Hər kəs fərqli ola bilər, amma hər kəs bərabərdir. Psixologiyada da bu belədir ki, hər kəsin düşüncəsi və baxışı fərqlidir. Amma biz özümüzü onun yerinə qoysaq, empatiya qursaq, anlayış göstərə bilərik. İnsan individualdır, fərdidir və psixologiyada bərabərlik axtara bilmərik. Hər kəsin özünə görə dəyəri var, o dəyəri itirməmək lazımdır. Çox təəssüf ki, bu gün Azərbaycan ailələrində bu kimi hallar var ki, ailədə baş verən münaqişələr cinayətlərlə, intiharlarla nəticələnir. Bunun da əsas səbəbi ailədə səmimiyyətin, fikir mübadilələrinin olmamasıdır. Ailə artıq müzakirə mərhələsinə keçməmiş, mübahisə mərhələsinə başlayıb. İstənilən mübahisə müzakirədən yaranır. Əgər müzakirə sağlamdırsa, ailə heç vaxt mübahisəyə getməyəcək, konfliktə getməyəcək. Mübahisənin də nəticəsi istər fiziki, istər psixoloji cinayətə çevrilir. Burada fərqi yoxdur qadın da, kişi də – hər iki tərəf bu cinayətin iştirakçısı olublar. İstər fiziki cinayət olsun, istərsə də psixoloji cinayət olsun. Biz cəmiyyəti bu haqda geniş maarifləndirməliyik ki, ailə qurmadan öncə onlar həm bioloji, həm də psixoloji uyğunluğu müəyyən etsinlər, ailə qurmağa tələsməsinlər. Bir-birilərini tanıyandan sonra, qarşılıqlı hörmət bəsləyəndən sonra ailə qursunlar. Çünki ailə qurmaq həvəs deyil, ailə qurmaq gələcək üçün daha məsuliyyətli addım atmaqdır, sabah həmin ailədə övlad dünyaya gələcək. Həmin övladı cəmiyyətə, dövlətə daha sağlam
şəkildə yetişdirmək lazımdır. Ailə institutunun fəlsəfəsi cəmiyyət üçün sağlam şəxsiyyət yetişdirməkdən ibarətdir. İstər fiziki, istər psixoloji sağlam olsun ki, o, gələcəkdə cəmiyyətdə başqalarının həyatına mane olmasın. Evdə gördüyü şiddəti çöldə göstərməsin. Ailə institutunun formalaşmasının əsas meyarlarından biri ailə qurmaq istəyən gəncləri 10 il sonraya hazırlamaqdır”.
Nəcəfov qeyd edib ki, xəyanətlərin artması daha çox psixoloji amillə bağlıdır: “Ümumiyyətlə, insanın sosial və a-sosial olmasının xəyanət etməsinə aidiyyəti yoxdur. İnsan əgər birinə xəyanət etmək istəyirsə, mütləq edəcək. Bunun üçün sosial şəbəkələrə, yaxud filmlərə ehtiyac yoxdur. Çünki xəyanət anlayışı insanın təfəkküründə verdiyi qərarlardır. Xəyanətin şərti odur ki, sən artıq dəyişmək istəyirsən, sadəcə olaraq, bunun cinayətə çevrilməsinə səbəb odur ki, bizdə ailələrdə boşanmaq əvəzinə, cinayətə qədər gedib çıxır. Münasibətlər hüquqi və psixoloji müstəvidə həll olunmur. İstər kişi, istərsə də qadın artıq başqasını sevirsə, çox rahat şəkildə öz ailəsindən ayrılıb başqa sevdiyi birisi ilə birlikdə ola bilər. Bu, boşanmanın da təbliğatı deyil, sadəcə olaraq, insanlar bir başqası ilə məcbur yaşamalı deyil, ailədə sevgi, səmimiyyət olmalıdır ki, o ailə dayanıqlı olsun. Məcbur olaraq ailənin davam etməsi, yaxud da başqa birini sevib yenidən öz evinə qayıtması kimi hallar olmamalıdır. Ailədə psixoloji olaraq boşanma baş veribsə, mənəvi olaraq bağlar ayrılıbsa, artıq hüquqi boşanma da olmalıdır. İstənilən formada hüquq və psixologiya burada birlikdə istiqamətlənməlidir. Bu baxımdan hazırda ailə qurmuş insanları, ailə qurmağa hazırlaşanları hüquqi və psixoloji cəhətdən maarifləndirmək lazımdır. Onlar öz hüquqlarını və o uyğunluqları bilməlidirlər. Gələcəkdə onları nələrin gözlədiyini bilməlidirlər. Bu gün hər şey çox gözəl görünə bilər. Toyda və bu xeyir işdə hər şey çox gözəl, nağıl kimi görünür. Amma həyatın reallıqları var və insanlar buna həm psixoloji, həm maddi, həm sosial olaraq hazır olmalıdırlar ki, sabah nağıl kimi başlayan ailə münasibətləri faciə ilə bitməsin”.