“Newpost.az” Kulis.az-a istinadən Şahsənəmin “Əhməd kişi” hekayəsini sizlərə təqdim edir.
Yaşı yüzü ötmüş qoca içəridə can çəkişirdi. Ürəyi o qədər sağlam idi ki, bütün bədənini sarmış xəstəliyə yenilmək bilmirdi. Huşu gedir-gəlir, arada sayıqlayır, hərdən də kimisə haraylayırdı. Arvadları, qızları, oğulluğu, nəvələri qulluğunda dursalar da bu xınanın o xınadan olmadığı bəlli idi. Son günlər “qardaş” deyə sayıqlamaları artmışdı. Qoca sanki içində haqq-hesab çəkirdi kiminləsə. Bir neçə il əvvəl böyük qardaşı dünyasını dəyişəndə artıq bu dünyada tay-tuşunun qalmadığını anlamışdı. O gün bu gün “qardaş” deyib qəm çəkirdi. Uzun ömürlü olmağın nəyi yaxşı imiş ki? Bircə tay-tuşu qalmamışdı. Qardaşı nəvələri zarafatla ağsaqqala öz aralarında sonuncu mogikan deyirdilər.