21 noyabr 1992-ci il ictimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Məhz həmin gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalilarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Dövlət müstəqilliyinin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrından sonra Azərbaycan böyük fəlakətlə üzləşdi. Bir-birini sürətlə əvəzləyən müvəqqəti iqtidarların şəristəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanı nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşmişdir. AXC-Müsavat cütlüyünün hakimiyyəti özünün bədnam idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini, qürurlu millət kimi yaşamağa inamını öldürmüşdü. Meydanın boş olduğunu görən erməni təcavüzkarları işğalçılıq siyasətini daha da gücləndirmiş, respublikanın ayrı-ayrı bölgələrində qanunsuz silahlı birləşmələr cövlan etməyə başlamışdı. Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında idi. Məhz belə bir faciəli vəziyyətdə xalqı təlaşdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin-partiyanın yaranması zamanın tələbi idi. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının müraciəti ”Səs”qəzetində dərc olundu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümumilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. 1992-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Doğrudan da YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, onun lideri partiya yarandıqdan cəmi 6 ay keçdikdən sonra ölkənin prezidenti seçildi. Bu hadisənin özü Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda YAP-ın yaranmasında ifadə olunan tarixi zərurətə və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi. Müstəqilliyimizin ilk illərində yaşanan böhran ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasəti nəticəsində aradan qaldırıldı. Xaos, anarxiya, özbaşınalığın sabitlik ilə əvəzlənməsi Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsinə, siyasi mövqeyinin möhkəmlənməsinə səbəb oldu. Yeni Azərbaycan Partiyası öz əzmkarlığı, qətiyyəti, ardıcıl və sistemli fəaliyyəti ilə respublikanın siyası həyatında özünəməxsus yerini tutaraq, milli dövlət quruculuğu prosesinin alternativsiz müəllifinə çevrildi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarına bu gün yüz minlərlə insanın birləşməsini hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu öndərin və bu gün onun siyasi xəttini uğurla davam etdirən partiyamızın sədri, Cənab Prezident İlham Əliyevin xalqa göstərdiyi misilsiz xidmətin nəticəsi kimi dəyərləndirilir. Bir Azərbaycan gənci olaraq məndə Yeni Azərbaycan Partiyasının sıralarında yer aldığım üçün, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etdiyim üçün fəxr edirəm. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.
Maqsud Süleymanlı
YAP Yevlax Rayon Təşkilatının əməkdaşı