— Nərgiz xanım, ixtisasca hüquqşünassınız. Gənclər sahəsinə necə gəldiniz?
— Bəli, ixtisasca hüquqşünasam. Amma insanlarla, ictimaiyyətlə işləmək, layihələr yaratmaq, yeni nələrsə düşünmək mənə hər zaman maraqlı olub. Müəyyən bir məqamda anladım ki, məhz belə bir işdə özümü öz yerimdə hiss edirəm.
Mən sadəcə müəyyən funksiyaları yerinə yetirməklə kifayətlənən insan deyiləm. Mənə yaratmaq prosesi lazımdır: əvvəlcə yalnız bir ideya olur, sonra onun ətrafında insanlar toplaşır, komanda formalaşır, iş başlayır və sonda real nəticəni görürsən.
Gənclər sahəsi mənə məhz bu imkanı verdi. Burada çox böyük dinamika, ünsiyyət, yaradıcılıq və yeni ideyalar var. Və yəqin ki, ən vacibi odur ki, burada insanlarla onların həyatında bir çox şeyin hələ formalaşdığı dövrdə işləyirsən.
— Bugünkü gəncləri necə xarakterizə edərdiniz?
— Onlar çox sürətli, açıq və tamamilə fərqlidirlər — çünki dünyanın özü də dəyişib.
Bu gün gənclərin çox böyük həcmdə informasiyaya çıxışı var, müxtəlif ölkələri, mədəniyyətləri, həyat modellərini görürlər. Daha çox sual verirlər. Onlara artıq “belə doğrudur” və ya “belə lazımdır” demək kifayət etmir. Onlar bunun səbəbini anlamaq istəyirlər.
Bu, mənim xoşuma gəlir. Ümumiyyətlə düşünürəm ki, yeni nəsli bizə bənzətməyə çalışmaq lazım deyil. Hər nəslin öz güclü tərəfləri var.
Bugünkü gənclər yenilikləri daha sürətlə mənimsəyir, dəyişikliklərə daha asan uyğunlaşır və fikirlərini daha cəsarətlə ifadə edirlər. Əsas məsələ bu enerjini düzgün istiqamətə yönəltməkdir.
— Bəs müasir gənclərin hansı problemlərini daha aktual hesab edirsiniz?
— Paradoks ondadır ki, imkanların çoxluğu bəzən özü də problemə çevrilir.
Gənc insan hər gün böyük həcmdə informasiya alır, amma onu düzgün süzgəcdən keçirmək üçün həyat təcrübəsi hələ kifayət qədər olmur. Sosial şəbəkələr başqaları ilə müqayisəni daha da gücləndirir: kim daha uğurludur, daha gözəldir, daha populyardır. Bəzən insan hələ özü kim olduğunu və nə istədiyini anlamağa macal tapmamış, artıq başqasının yaratdığı görüntüyə uyğunlaşmağa çalışır.
Səhv etmək qorxusu da var. Bu nəslin zahiri sərbəstliyinə və rahatlığına baxmayaraq, bir çox gənc ətrafdakıların qiymətləndirməsinə qarşı çox həssasdır.
Ona görə də bu gün onların yalnız biliyə deyil, sağlam mühitə də xüsusi ehtiyacı var — ünsiyyət qura, özünü sınaya, səhv edə, öyrənə və özü olmaqdan qorxmaya biləcəyi bir məkana.
— Müasir gənclərin inkişafında Bakı Gənclər Mərkəzinin rolu nədir?
— Mən həmişə deyirəm ki, gənclər mərkəzi sadəcə bir bina və ya tədbirlər təqvimi deyil.
Bu, imkanlar məkanıdır.
Bizdə təhsil və yaradıcılıq proqramları, təlimlər, intellektual və idman tədbirləri, könüllülük və sosial layihələr, vətənpərvərlik istiqaməti, beynəlxalq əməkdaşlıq var. Amma bütün bu istiqamətlərin arxasında bir ümumi məqsəd dayanır — gənci fəal həyata cəlb etmək.
Kimsə bizə bir tədbir üçün gəlir, kimsə dostlarına görə, kimsə yeni bir şey öyrənmək istəyir. Sonra isə tədricən proseslərdə iştirak etməyə, öz ideyalarını təklif etməyə, məsuliyyət götürməyə başlayır.
Mənim üçün çox vacibdir ki, gənc özünü burada sadəcə qonaq kimi hiss etməsin. İstəyirəm ki, mərkəzi öz məkanı kimi qəbul etsin və bilsin: burada onu eşidəcəklər.
— Siz tez-tez gənclər düşərgələrinizdən danışırsınız. Niyə məhz bu format sizə xüsusilə yaxındır?
— Çünki məhz düşərgədə dəyişikliklər sözün əsl mənasında gözümüzün qarşısında baş verir.
Bəzən ilk gün çox utancaq bir yeniyetmə və ya gənc gəlir, demək olar ki, heç kimlə danışmır. Bir neçə gün keçir və onu tanımaq olmur. Artıq komanda işində iştirak edir, səhnəyə çıxır, oxuyur, rəqs edir, liderlik keyfiyyətlərini göstərir.
Ən maraqlısı isə odur ki, bəzən insan özü də ilk dəfə özündə yeni bir xüsusiyyət kəşf edir.
Ən sakit olanlar gözlənilmədən çox yaxşı təşkilatçıya çevrilirlər. Kimsə ilk dəfə mikrofon götürür və anlayır ki, səhnədən heç də qorxmur. Kimsə dostlar tapır və sonradan onlarla ünsiyyəti, layihələr yaratmağı davam etdirir.
Mən bu işi məhz belə anlara görə xüsusilə sevirəm. Bunu statistika ilə tam ifadə etmək mümkün deyil. Sadəcə yanında olursan və insanın necə açıldığını görürsən.
— Bəs illər keçsə də, bu işdə şəxsən sizi ilhamlandırmağa davam edən nədir?
— Yaratmaq.
Mən hələ heç nə olmadığı, yalnız bir ideyanın mövcud olduğu anı sevirəm. Sonra onu komanda ilə müzakirə edirik, mübahisə edirik, əlavələr edirik, detalları dəyişirik və tədricən bir layihə yaranır. Daha sonra reallaşma günü gəlir və yaxın vaxtadək yalnız düşüncələrimizdə olan bir şey gerçəkliyə çevrilir.
Komanda da mənim üçün çox vacibdir. Heç bir böyük layihə bir nəfər tərəfindən yaradılmır. Ona görə də güclü nəticə görəndə, onun arxasında nə qədər insanın əməyinin dayandığını həmişə anlayıram.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyinin bizə yaratdığı imkanları da çox yüksək qiymətləndirirəm. Bu dəstək bizə yeni formatlar axtarmağa, ideyaları həyata keçirməyə və daim inkişaf etməyə imkan verir.
Yəqin elə buna görə də mən bu sahəni heç vaxt adi bir iş kimi qəbul etməmişəm. Bu sahə mənə yaratmaq imkanı verir — mənim həqiqətən sevdiyim də məhz budur.
— Fəaliyyətinizdə beynəlxalq əməkdaşlıq da böyük yer tutur. Xarici səfərlər sizə nə verir?
— Yeni baxış.
Daim eyni sistemin daxilində işləyəndə bəzi şeyləri artıq adi qəbul etməyə başlayırsan. Başqa ölkəyə gedəndə, həmkarlarla tanış olanda, onların gənclər təşkilatlarının necə işlədiyini müşahidə edəndə isə öz fəaliyyətinə də başqa gözlə baxmağa başlayırsan.
Demək olar ki, hər səfərdən hansısa ideya ilə qayıdırıq. Bəzən böyük, bəzən isə çox kiçik bir ideya olur — format, metodika, məkanın təşkili və ya gənclərlə ünsiyyətə dair maraqlı bir detal. Sonra onu öz şəraitimizə uyğunlaşdırırıq.
Amma mənim üçün prinsipial olaraq vacibdir ki, bu mübadilə ikitərəflidir. Bizim də bölüşəcək təcrübəmiz var. Xarici həmkarlarımız layihələrimiz, sistemimiz və iş mexanizmlərimizlə maraqlanırlar. Bəzi təcrübələri artıq onlar bizdən aparırlar.
Bu isə xüsusilə xoşdur. Çünki əsl beynəlxalq təcrübə mübadiləsi yalnız öyrənmək deyil, eyni zamanda öz təcrübənin dəyərini anlamaqdır.
— Və sonda: 10–15 ildən sonra Azərbaycan gəncliyini necə görmək istəyirsiniz?
— Təhsilli, özünə inanan, rəqabətqabiliyyətli, dünyaya açıq, eyni zamanda öz köklərini tanıyan və ölkəsi qarşısında məsuliyyət hiss edən.
Biz gənclərin yerinə onların yolunu seçə bilmərik və seçməməliyik. Biz onlara bilik, imkan, mühit verə, müxtəlif istiqamətləri göstərə bilərik. Bundan sonra isə insan öz seçimini etməyi və bu seçimin məsuliyyətini daşımağı öyrənməlidir.
Yəqin buna görə mən bu fikri sevirəm: bu gün gənclərlə işləyərkən, müəyyən mənada gələcəklə işləyirik.
Yüzlərlə tədbir keçirmək, onlarla layihə həyata keçirmək olar, amma bu işin əsas nəticəsini hesabatlarda görməyəcəyik. Onu illər sonra — bugünkü gənclərin çevriləcəyi insanlarda görəcəyik.
Əgər onların arasında güclü mütəxəssislər, sahibkarlar, alimlər, yaradıcı insanlar, ictimai xadimlər, rəhbərlər — artıq növbəti nəsil üçün imkanlar yaradan insanlar olarsa, deməli, bu gün etdiyimiz hər şeyin həqiqətən mənası var.
Bu prosesin bir hissəsi olmaq mənim üçün böyük şərəfdir.
Nərgiz Babayeva
Bakı Gənclər Mərkəzinin direktoru, YAP Gənclər Birliyinin üzvü


















































































































































