Müasir dövrdə ali təhsil sistemində köklü dəyişikliklər baş verməkdədir. Ənənəvi sovet pedaqogikasının sərt, müəllimmərkəzli yanaşmalarından uzaqlaşaraq, tələbəmərkəzli, interaktiv və layihə əsaslı tədris metodlarına keçid, təhsilin keyfiyyətini yüksəltmək üçün vacib şərtlərdən biridir.
Müasir tədris yanaşmaları tələbənin fəallığını artırmağa, onu təlim prosesinin mərkəzinə gətirməyə xidmət edir. Bu üsullar arasında aşağıdakılar xüsusilə diqqət çəkir:
-
Problem əsaslı öyrənmə (PBL);
-
Layihə yönümlü fəaliyyət;
-
Kooperativ öyrənmə və qrup işi;
-
Rəqəmsal texnologiyaların tətbiqi;
-
Əks əlaqəyə əsaslanan qiymətləndirmə metodları.
Bu üsullar tələbələrin tənqidi düşünmə, qərarvermə, komandada işləmə və yaradıcı problem həll etmə bacarıqlarını inkişaf etdirir.
Tədris prosesində müzakirələrin təşkili tələbələrin fəallığını artırmaqla yanaşı, onların fikir yürütmə, arqument irəli sürmə və müxtəlif baxış bucaqlarını nəzərə alma bacarıqlarını formalaşdırır. Müzakirələr həmçinin müəllim-tələbə münasibətlərində demokratik mühitin yaranmasına səbəb olur ki, bu da sovet pedaqogikasından əsas fərqlərdən biridir.
Ali təhsil ocaqlarında layihələr vasitəsilə öyrənmə üslubunun tətbiqinin bir sıra üstünlükləri vardır. Belə ki, tələbələr öz layihələri üzərində işləyərkən araşdırma aparır, plan qurur, təqdimatlar edir və nəticələrə əsaslanaraq qərarlar qəbul edirlər. Bu yanaşma tələbəyə məsuliyyət və özünəinam aşılayır.
Sovet pedaqogikası, əsasən, müəllimin diktəsi və tələbənin passiv rolu ilə xarakterizə olunurdu. Bu model yaradıcılığa az yer verir, tələbənin fərdi inkişafını ikinci plana atırdı. Müasir tədris modelləri isə tələbənin şəxsiyyət kimi formalaşmasını və onun fərdi potensialının üzə çıxarılmasını dəstəkləyir.
















































































































































