Gürcüstanın ədliyyə naziri Rati Breqadze ölkənin keçmiş Prezidenti Mixail Saakaşviliyə müalicəsini Qoridə hərbi hospitalda davam etdirməyi təklif edib.
“Newpost.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, gürcü siyasətçinin sağlamlığı və həyatı burada hökumət tərəfindən maksimum qorunacaq.
Breqadze bildirib ki, indiki mərhələdə hərbi hospitala köçürmə ilə bağlı Saakaşvilinin razılığı tələb olunur.
Bununla belə, nazir xəbərdarlıq edib ki, Saakaşvilinin köçürülməsi zamanı tərəfdarları prosesə mane olarsa, siyasətçi yenidən 18 saylı cəzaçəkmə müəssisəsinin xəstəxanasına geri qaytarılacaq.
Qeyd edək ki, oktyabrın 1-dən bu yana aclıq aksiyası keçirən Mixail Saakaşvilinin vəziyyəti kritik həddə çatıb. Belə ki, Saakaşvili hazırda B1 vitaminin əskikliyi səbəbindən yaranan beyində nevroloji xəstəlikdən, qipokaliemiyadan (orqanizmdə kalium çatışmazlığı), talassemiyadan əziyyət çəkir. Bununla yanaşı, həkimlər Saakaşvilidə mədə-bağırsaq qanaxması ehtimalının yüksək olduğunu hesab edirlər. Bütün bu diaqnozların nəticəsi isə koma və yaxud ölümcül aritmiya ola bilər.