İyulun 5-də Gürcüstanda jurnalistlərə qarşı zorakılıq səbəbindən saxlanılanların sayı artır.
“Newpost.az” Gürcüstan Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtda aksiyalar zamanı zorakılıq törətməkdə təqsirli bilinən daha 1 nəfər saxlanılıb.
İstintaq məlumatlarına görə, həmin tarixdə “Tbilisi Pride”a qarşı aksiyalar zamanı təqsirləndirilən şəxs öz vəzifə borcunu yetirən operatoru təhqir edib və ona qarşı zorakılıq hallarına baş vurub.
29 yaşlı bu şəxs ölkənin Cinayət Məcəlləsinin üç maddəsi əsasında ittiham olunur və o, 6 il müddətinə qədər azadlıqdan məhrum edilə bilər.
Bildirilir ki, digər təqsirli şəxslərin təyin edilməsi və saxlanması istiqamətində işlər davam edir.
Nazirliyin məlumatına görə, 5 iyul hadisələri ilə bağlı bu günə kimi 20 nəfərin şəxsiyyəti müəyyən edilib və saxlanılıb. Qarşıdurmalar zamanı jurnalist, operator və fotoqraflardan ibarət 53 nəfər xəsarət alıb.