Bu gün “Ayasofya” 86 il sonra məscid kimi ibadətə açıq elan edilib.
“Newpost.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan da “Aya Sofya Kəbir” Məscidində qılınan cümə namazına qatılıb. O, cümə namazından əvvəl Mehmet Bahçeli ilə birlikdə Fatih Sultan Mehmet türbəsini ziyarət edib.
Məscidə gedən 11 nöqtədə təhlükəsizlik məntəqələri quraşdırılıb, ibadət üçün gələnlərə maska verilib, əlləri dezinfeksiya olunub.
Bundan əlavə, İstanbul valisi Ali Yerlikaya “Ayasofya” ətrafında namazı qılmaq üçün nəzərdə tutulan yerlərin dolduğunu, bu səbəbdən əraziyə girişlərin bağlandığını söyləyib. Həmçinin tarixi məkana yaxın olan metrostansiyalar fəaliyyətini dayandırıb. Eyni zamanda izdihama görə böyük tıxaclar yaranmağa başlayıb.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, bugünkü namazda 350 min nəfər iştirak edib. Daha sonra jurnalistlərə açıqlama verən Ərdoğan “Artıq bu yer öz əslinə qayıtdı, məscid idi yenidən məscid oldu. İnşallah, bundan sonra həmişə bütün möminlərə məscid olaraq xidmət etməyə davam edəcək. Bütün insanlığın mədəniyyət mirası olaraq insanların gəlib ziyarət edə biləcəyi bir yerdir”,-deyə qeyd edib.

















































































































































