Ölkədə davam edən karantin rejimi ilə əlaqədar Şəmkir rayonunun təhsil ocaqlarında virtual “Son zəng” keçirilib. Belə tədbirlərdən biri də Şəmkir rayonu, Düyərli kənd 2 nömrəli tam orta məktəbində baş tutub.
“Newpost.az” xəbər verir ki, tədbir video formatında hazırlanaraq bütün kollektivə, o cümlədən şagirlərin elektron ünvanlarına göndərilib. İlk olaraq məktəbin direktoru Bela İsmayılova məzunları təbrik edib və bundan sonrakı həyatlarında uğur və nailiyyətlər arzu edib. O, müəllim və valideynlərə uzun illər çəkdikləri zəhmət və əməyə görə xüsusi təşəkkür edib. Bela İsmayılova məzunlara aldıqları orta təhsildən sonra ölkəmizin tanınmış universitetləri ilə yanaşı xarici universitetlərdə də təhsillərini davam etdirməyi və yeni peşələrə yiyələnməyi arzu edib.
Daha sonra məktəbin müəllimləri məzunlara öz arzu və istəklərini çatdırıblar. Məzunlar da öz növbəsində müəllimlərə minnətdarlıq ifadə etmiş və seçdikləri peşədən asılı olmayaraq gələcəkdə ölkəmiz üçün faydalı vətəndaş olacaqlarını, eləcə də təhsil ocaqlarının adını hər zaman uca tutacaqlarına dair söz veriblər.
Maraqlı məqamlardan biri də təhsildə fərqlənən məzunlara virtual fəxri fərmanların təqdim edilməsi olub.
Sonda məktəbin direktoru Bela İsmayılova tərəfindən məzunlar üçün “Son zəng” çalınıb.


















































































































































