Dövlət Miqrasiya Xidməti Azərbaycanda müvəqqəti olma müddəti 1 avqust tarixinədək bitəcək olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
“Newpost.az” xəbər verir ki, bu barədə sözügedən qurumun rəsmi internet səhifəsində məlumat yer alıb. Belə ki, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 1 avqust 2020-ci il tarixinədək uzadılması nəzərə alınmaqla, ölkədə olma müddəti 1 avqust tarixinədək bitəcək əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin müvəqqəti olma müddətləri 30-60 gün uzadılacaq.
Müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək.
Məlumatda eyni zamanda müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmadığı və zərurət olduğu təqdirdə, qərarların Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə, eləcə də daha ətraflı məlumatların (012) 919 Çağrı Mərkəzinə zəng etməklə əldə olunmasının mümkünlüyü qeyd olunub.