Azərbaycan ordusunun sentyabrın 27-dən Qarabağda həyata keçirdiyi əks-hücum əməliyyatı (Vətən Müharibəsi) çərçivəsində işğaldan azad etdiyi şəhərlərimizdən biri də Zəngilandır.
Bu bölgə 1993-cü il oktyabrın 29-da işğal edilmişdi və 27 ildir ki, həmin tarix işğal günü qeyd olunur. Bundan sonra isə hər il oktyabrın 20-i Zəngilanın işğaldan azad edilmə günü kimi qeyd olunacaq.
Zəngilandan minlərlə insan məcburi köçkün düşüb. Onların bir hissəsinə evlərinə, ata-baba yurdlarına qayıtmaq qismət olmadı və torpaq həsrəti ilə bu dünyadan köçdülər. Amma Zəngilanı erməni işğalından azad edilmiş görmək xeyli sayda zəngilanlıya qismət oldu.