Ermənistan Silahlı Qüvvələri növbəti dəfə Gəncə şəhərinə artilleriya zərbəsi endirib. Hadisə təxminən gecə saat 02.30-da baş verib.
Ermənistan ordusu Gəncəyə azı iki artilleriya atəşi açıb. Onlardan biri zərərsizləşdirilsə də, digəri şəhərin mərkəzi küçələrindən birində park edilmiş avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində avtomobil tamamilə yanıb, ətrafda yerləşən ictimai-iaşə və ticarət obyektlərinə ciddi ziyan dəyib. İlkin məlumata görə, hadisə komendant saatı müddətinə təsadüf etdiyindən xəsarət alan olmayıb. Mərminin düşdüyü yerdə dərin dəlik əmələ gəlib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürmə briqadaları cəlb edilib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bundan əvvəl oktyabrın 4-ü və 5-də də Gəncəyə artilleriya zərbəsi endirmişdi. İki gün ərzində endirilən zərbələr nəticəsində 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb, mülki infrastruktura və evlərə külli miqdarda ziyan vurulub.















































































































































