12 avqust “Beynəlxalq Gənclər Günü” münasibətilə Lənkəran Şəhər Gənclər və İdman idarəsinin təşilatçılığı ilə gənclərin məşhurlarla onlayn görüşü keçirilmişdir.
“Newpost.az” xəbər verir ki, görüşdə komediya aktyoru, ssenarist və rejissor Müşfiq Şahverdiyev və “Bakı Payızı”, “Yeni Ulduz-4” və Avroviziya müsabiqələrinin iştirakçısı, pop müğənnisi İlhamə Qasımova iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəisi Mikayıl Cəfərzadə açaraq qeyd edib ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar günün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunduğunu diqqətə çatdırıb.
“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Ulu öndər Heydər Əliyevin bu fikri indi də aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız cənab Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır”, deyə o qeyd edib.
Görüş zamanı məşhur qonaqlar İlhamə Qasımova və Müşfiq Şahverdiyev uğur qazanmaq üçün hər şeydən öncə təhsilli olmaq, sənətin dərinliklərinə yiyələnmək, özündən əvvəlki təcrübələrdən yararlanmaq və daim öz üzərində çalışmağın mühüm olduğunu bildirmişlər. Eyni zamanda gəncləri maraqlandıran suallar cavablandırılmışdır.


















































































































































