28 sentyabr 2026-cı il tarixində “Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, ictimai-siyasi və mədəniyyət xadimləri, QHT rəhbərləri, ziyalılar, media nümayəndələri, mərhum millət vəkili Qənirə Paşayevanın ailə üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 1 dəqiqəlik anım sükutu ilə başlayıb.
Daha sonra “Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, “Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın təsisçisi Təranə Paşayeva çıxış edib. O, layihənin əsas məqsədinin qadınların sağlam, fəal və mənalı həyatına dəstək göstərmək, onların həyat keyfiyyətini yüksəltmək və uzunömürlülük mədəniyyətinin təşviqinə töhfə vermək olduğunu bildirib.
Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edib. O, qadınların cəmiyyətdə rolunun artırılması, onların sosial rifahının və sağlamlığının qorunmasının əhəmiyyətindən danışaraq, “Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın bu istiqamətdə həyata keçirəcəyi fəaliyyətin əhəmiyyətini vurğulayıb.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva çıxışında yeni layihənin qadınların sosial və mənəvi rifahına töhfə verəcəyini qeyd edib, rezidensiyanın fəaliyyətinə uğurlar arzulayıb.
Tanınmış yazıçı və həkim, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva da çıxış edərək ailə, qadın və sosial inkişaf istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən danışıb.
Tədbirdə həmçinin mərhum millət vəkili Qənirə Paşayevanın anası Tehran Nağıyeva çıxış edib. O, qızının xatirəsinə göstərilən diqqətə və onun adının belə bir məkanda yaşadılmasına görə təşəkkürünü bildirib, Qənirə Paşayevanın həyatından, insanlara bağlılığından və ictimai fəaliyyətindən söz açıb.
Qənirə Paşayevanın digər ailə üzvləri də tədbirdə çıxış edərək onun xatirəsinin yaşadılması istiqamətində görülən işlərə görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə Azərbaycanın Xalq rəssamı Arif Hüseynov da çıxış edib. O, tədbir çərçivəsində təqdim olunan “Yazılmayan Şeirlər” sərgisi barədə məlumat verib və əsərlərinin bu əlamətdar gündə nümayiş etdirilməsindən məmnunluğunu ifadə edib.
Tədbirdə çıxış edən digər natiqlər də Qənirə Paşayevanın Azərbaycan ictimai-siyasi həyatında xidmətlərindən, insanlara və milli-mənəvi dəyərlərə bağlılığından, eləcə də onun xatirəsinin yaşadılmasının əhəmiyyətindən söz açıblar.
Tədbirin əsas məqamlarından biri mərhum millət vəkili, ictimai-siyasi xadim Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş Xatirə Otağının açılışı olub.
Xatirə Otağında Qənirə Paşayevanın həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif materiallar və onunla bağlı xatirələr nümayiş olunur. Məkanın yaradılmasında əsas məqsəd Qənirə Paşayevanın əziz xatirəsini yaşatmaq, onun həyat və fəaliyyətini gələcək nəsillərə çatdırmaqdır.
Açılış mərasimindən sonra qonaqlar “Loqos Qadın Uzunömürlük Rezidensiyası” ilə tanış olub, Qənirə Paşayevanın Xatirə Otağına və Arif Hüseynovun “Yazılmayan Şeirlər” sərgisinə baxış keçiriblər.