Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistan Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinin tələblərini pozaraq Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirərək, hərbi gücdən istifadə edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib, azərbaycanlı əhali etnik təmizləməyə məruz qalıb, şəhər və kəndlər dağıdılıb, Xocalı faciəsi də daxil olmaqla ağır cinayətlər törədilib. 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən 44 günlük Vətən müharibəsi bu uzunmüddətli prosesin əsas dönüş nöqtələrindən biri oldu. Müharibə nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonları, həmçinin Şuşa şəhəri işğaldan azad edildi, Ağdam, Kəlbəcər və Laçın rayonları 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatın şərtləri çərçivəsində Azərbaycana qaytarıldı. Bununla Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ başa çatdı.