Azərbaycanlı tədqiqatçı və yazıçı İlahə Səfərzadə Hindistanda keçirilən beynəlxalq elmi konfransda “Azərbaycan təsəvvüf ədəbiyyatında qadın obrazları” mövzusunda məruzə ilə çıxış edib.
“Newpost.az” xəbər verir ki, Gauhati Universitetində baş tutan “Sülh və sosial harmoniyanın təşviqinə yönəlik sufizm və dinlərarası dialoq – Dara Şikohun dini harmoniyaya baxışı kontekstində” adlı tədbirdə çıxış edən alim qadın obrazlarının Azərbaycan təsəvvüf poeziyasında mistik və simvolik anlam daşıdığını vurğulayıb.
İlahə Səfərzadə qeyd edib ki, klassik Şərq poeziyasında qadın obrazı çox zaman ilahi eşqin, saf məhəbbətin və mənəvi gözəlliyin simvolu kimi təqdim olunur. Onun sözlərinə görə, bu ənənə Azərbaycan ədəbiyyatında da davam etdirilmiş və sosial-mədəni kontekstə uyğun yeni məna çalarları qazanmışdır.
“Nəsimi, Füzuli, Xətai kimi klassiklərimizin yaradıcılığında qadın surətləri ilahi eşqə aparan yolun metaforu kimi çıxış edir, müridin mənəvi kamillik yolunun təcəssümünə çevrilir”, – deyə alim bildirib.
O vurğulayıb ki, bu obrazların araşdırılması təkcə ədəbi deyil, həm də fəlsəfi və mədəni aspektlərdən mühüm nəticələr verir. Bu kontekstdə Azərbaycan təsəvvüf ədəbiyyatında qadın obrazlarının işlənməsi həm ümumşərq poetik ənənələri ilə müqayisəli təhlil, həm də milli ədəbiyyatın spesifik xüsusiyyətlərini önə çıxarmaq baxımından əhəmiyyətlidir.
İlahə Səfərzadənin məruzəsi beynəlxalq konfrans iştirakçıları tərəfindən maraq və rəğbətlə qarşılanıb.

















































































































































