Azərbaycanın Vətən müharibəsində əldə etdiyi parlaq Qələbə tariximizin şanlı səhifələrinə qızıl hərflərlə həkk olundu. Bəli, o Qələbə ki, 30 ilə yaxın müddətdə işğal altında olan doğma Qarabağ torpaqları və ətraf digər 7 rayonumuz düşmən tapdağından azad edildi, erməni təcavüzünə son qoyuldu və nəticədə Ermənistan siyasi rəhbərliyi öz acı məğlubiyyətini rəsmiləşdirdi. Tarixi Zəfər Zirvəsini fəth etmiş Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müdrik diplomat və güclü strateq kimi düşməni bütün diplomatik müstəvilərdə də məğlubiyyətə uğratdı.Vətən müharibəsində düşməndən azad edilən əzəli torpaqlarımızdan bir də Qubadlı rayonudur. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu gün Qubadlı Şəhəri Günüdür. Qubadlı Şəhəri Günü ilk dəfədir qeyd olunur və Şəhər Günlərinin qeyd edilməsi bizim tarixi Qələbəmizin göstəricisidir. Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün – oktyabrın 25-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Qürur hissi ilə qeyd edirəm ki, Ölkə Preizdenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi ilə rəşadətli və yenilməz Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb. Möhtərəm Prezident 2021-ci il iyunun 24-də də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.Təltif edilənlərin 4-ü general-mayor, 39-u polkovnik, 1 nəfəri isə 1-ci dərəcəli kapitandır.Rayon işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir.2021-ci ilin bu günü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar. Azərbaycan Prezidenti 2023-cü il mayın 4-də Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının da təməlinin qoyulması mərasimində iştirak edib.
Ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində bu gün işğaldan azad edilmiş əzəli yurdumuzda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.Bir sözlə, Qubadlı və digər bölgələrimiz cənnətə çevrilir. Cənab İlham Əliyevin həyata keçirdiyi müdrik və bənzərsiz siyasət nəticəsində Azərbaycan hərtərəfli inkişaf edir, Ölkəmizdə iqtisadiyyat, təhsil, elm, sosial və digər bütün sferalarda uğurlu nəticələr əldə olunur. Bu isə bir daha onu göstərir ki, Prezident, doğma Partiyamızın Sədri cənab İlham Əliyevin müdrik siyasəti xalqımızın və dövlətimizin maraqları naminə hesablanıb və xalqımızı bundan sonra da firavan həyat gözləyir.
Kəmalə Ələkbərova YAP Yevlax rayon təşkilatının fəalı, Yuxarı Qarxun kənd tam orta məktəbinin direktoru