“Bilirsiniz bu, nəyi göstərir? Onu göstərir ki, uzun illər ərzində bu sahəyə dövlət nəzarəti olmamışdır, o cümlədən Prezident Administrasiyasından da. Mən Dövlət nəzarəti məsələləri şöbəsinə göstəriş verəndən sonra onlar işə başladılar, geniş Arayış hazırladılar”.
“Newpost.az” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə suda sanitar və epidemioloji məsələlərə münasibət bildirərkən deyib:
“Kərəm Həsənov bütün məsələləri indi demədi, çünki vaxt baxımından imkan yoxdur. Amma bu Arayışda hər şey göstərilib. Komissiya formalaşdı, işə başladı, üç ay ərzində təhlil apardı, demək olar ki, bütün qüsurlar üzə çıxdı. Yaxşı, bu qüsurları görən yox idimi? Aidiyyəti qurumlar bu məsələ ilə nə üçün məşğul olmurdular? Hesab edirdilər ki, orada boru çəkdim, burada kanalı betonladım. Bununla da iş bitir? Bununla iş bitmir. Gərək işi elə qurasan ki, fermerlər, vətəndaşlar razı olsunlar. Su qıtlığı ola bilər, təbii səbəblər var. Aydın məsələdir ki, keçən il, bu il heç tarixdə bəlkə də görünmədiyi səviyyədə quraqlıq var idi. Amma əgər düzgün işlər görülsəydi, vaxtında bu məsələlər üzə çıxsaydı, əlbəttə ki, biz bu vəziyyətdən daha az itkilərlə çıxardıq. Ona görə bugünkü müşavirədən sonra, əlbəttə, geniş tədbirlər planı hazırlanacaq. Bu gün səslənən təkliflər və eyni zamanda, aidiyyəti qurumlar tərəfindən aparılmış təhlil nəticəsində təkliflər, yerlərdən gələn təkliflər mütləq nəzərə alınmalıdır”.

















































































































































