Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu artmaqdadır. Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar və dünya ölkələrinin müharibə təhlükəsi ilə üz-üzə qalması, neftin və qazın qiymətlərində son artım bütün diqqətləri regionumuza, xüsusən də Azərbaycana yönəldib. Həm də Azərbaycanın zəngin karbohidrogen ehtiyatalarına sahib olması, neft-qaz sektorunda həm də tranzit ölkə olması da xüsusilə nəzərə alınmalıdır. Azərbaycan dövlətinin neft və qeyri-neft sektorunda yaratdığı ideal investisiya mühiti, etibarlı tərəfdaş olması da Avropa dövlətlərinin maraqlarını artırır. Mövcud olduğumuz region ictimai-siyasi hadisələrlə zəngin olsa da, müharibə təhdidləri yaşansa da ölkəmizdəki sabitlik diqqətə alınan amillər sırasındadır.
Azərbaycan təkcə özünün deyil, həm də Orta Asiya ölkələrinin neft və qaz yüklərinin Qərb ölkələrinə daşımağa qadir və ideal imkanlara sahib nadir ölkələrdəndir. Ölkəmizin loqistik imkanları digər ölkələri, xüsusilə Çin mallarının Londona, Rotterdama qədər uzanan ticarət yolundakı ölkələrə çatdırmağa imkan verir. Ona görə də Azərbaycanın potensialı bütün ölkələr üçün cəlbedicidir. Qlobal bazarların sabitləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyan Transxəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında da Azərbaycanın çox böyük rolu var. Ölkəmizin bu istiqamətdə gördüyü işlərin əhəmiyyətini bütün dünya Rusiya-Ukrayna müharibəsi zamanı da gördü. Baxmayaraq ki, Rusiya ilə müttəfiqlik münasibətlərimiz var və buna sadiqik, Azərbaycan Ukrayna üçün həyati əhəmiyyət kəsb edən yanacaq təchizatı və humanitar yardım ilə bağlı dəstəyini davam etdirdi.
Bu gün Bakı şəhərində Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsi dövlətlərarası iqtisadi əməkdaşlıq üçün yeni üfüqlər açmaqla bərabər, beynəlxalq münasibətlərə, strateji əməkdaşlıq əlaqələrinə töhfələr verəcəkdir. Belə tədbirlərin daha bir əhəmiyyəti ondan ibarətdir ki, dünyanın enerji xəritəsini dəyişən Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Xəzər Neft-Qaz sərgiləri və keçirilən konfranslar ölkələrarası əməkdaşlığın genişlənməsinə stimul yaradıb. Bu barədə Prezident İlham Əliyev də çıxışında xüsusi olaraq vurğulayıb. Qeyd edib ki, bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulub, həm dövlət, həm sərmayədarlar öz mənfəətini götürür və beləliklə, Azərbaycanda xarici investorlarla çox gözəl əməkdaşlıq formatı yaradılmışdır. Bu format bu gün digər sahələrdə də özünü büruzə verir.
Qeyd edək ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın enerji resurslarından səmərəli istifadə edilməsi üçün əlverişli şərait yaratdı. “Əsrin müqaviləsi”nin imzalanması və neft-qaz sənayemizin yenidən qurulması üçün on milyardlarla dollar xarici sərmayələrin bu sahəyə cəlb edilməsindən sonra 4 neft və 3 qaz ixrac xətlərinin tikilməsi Xəzər dənizində istehsal olunan neft və qazın xarici bazarlara birbaşa çatdırmağımıza imkan vermişdir.
Azərbaycandan Rusiyanın Novorossiysk və Gürcüstanın Supsa limanına gedən neft boru kəmərlərinin ötən əsrin sonunda açılışı sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Həmçinin, “Şahdəniz” yatağında kəşfiyyat işlərinə başlandı və 2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.
Azərbaycan bu gün Avropanın enerji təminatında etibarlı tərəfdaş ölkələrdən biridir. Ənənəvi enerji mənbələri ilə yanaşı külək və günəş enerjisindən istifadə üçün mühüm addımlar atılır. O cümlədən Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir ki, bu da çox böyük göstəricidir. İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Bu ərazilərdə külək və günəş enerjisini istehsalı nəzərdə tutulur. Gələcək perspektiv ünün hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. Bu layihələr daxili inkişafımız üçün də çox əhəmiyyətlidir. Enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Bu sahədən əldə edilən gəlirlər qeyri-neft sektoruna yönəldilir. Bu il ölkəmizdə ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən çox olub. Bütün bu göstəricilər ölkəmizin etibarlı tərəfdaş olmasına dəlalət edir.
Enerji təhlükəsizliyi sayəsində Azərbaycanın dünyada oynadığı rol ölkəmizin bu sahədə regional enerji xabına çevrilməsi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Qətiyyətlə demək olar ki, ölkə iqtisadiyyatının lokomotivi sayılan enerji sektorunun indiki inkişaf səviyyəsi Azərbaycanın gələcəkdəki böyük inkişaf perspektivindən xəbər verir.