Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatla əlaqədar etiraz aksiya keçiriblər.
Bu barədə “Newpost.az”a Torontoda yaşayan həmvətənlərimiz məlumat verib. Dinc şəkildə həyata keçirilən aksiyada yüzlərlə soydaşımız iştirak edib. Şəhərin mərkəzi meydanında baş tutan aksiyaya Kanadanın digər şəhərlərindən gələn azərbaycanlılar da qoşulub.
Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyündən, qonşu Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkməsindən və Qarabağ həqiqətlərindən bəhs edən şüarlar səsləndirərək şəhərin mərkəzi küçələrində yürüş ediblər.
Yürüşdə Azərbaycanın dövlət himni ilə yanaşı, “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq”, “Qarabağ Azərbaycandır və nida işarəsi” kimi şüarlar da səsləndirilərək Azərbaycan Ordusuna və xalqına dəstək nümayiş olunub.
Aksiya iştirakçıları eyni zamanda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda yaşayış evlərini atəşə tutmasını, mülki şəxsləri hədəfə alaraq öldürməsini Toronto sakinlərinin diqqətinə çatdırıblar.
Xatırladaq ki, artıq bir neçə gündür dünyanın müxtəlif ölkələrində həmvətənlərimiz tərəfindən analoji dinc aksiya və yürüşlər təşkil olunur.















































































































































