Qonağımız məşhur toy təşkilatçısı Tahir Məhərrəmlidir..
– Tahir müəllim, zaman sizi haradan götürüb haraya gətirdi?
– Bu sahədə çalışmaq mənim heç ağlımdan keçməyib. Zaman heç özüm də bilmədən məni bu sahəyə gətirdi.
– Əvvəl hansı işlə məşğul olmusunuz?
– Əvvəl sosial iqtisadi araşdırmaçı olmuşam. Amma həkim olmaq ən böyük arzum olub. Lakin alınmadı.
– İndi olduğunuz mövqedən razısınızmı?
– İnsan bir işin qulpundan yapışırsa, ondan ruzi qazanırsa, onu sevə-sevə icra etməlidir. Şükürlər olsun, işimdən və yerimdən məmnunam.
– Bu işə gəlməyinizə səbəb nə oldu?
– Ətrafımdakı insanlar mənə deyirdilər ki, sən bu işi bacararsan. Belə-belə bir də gördüm ki, bu sahədəyəm. Bəlkə də bu bataqlıqdayam (gülür).
– Niyə bataqlıq dediniz?
– Onu işin içərisinə daxil olanlar bilər. Hər şey kənardan göründüyü kimi deyil. Mənim sahəmin bir qolu şou-biznesə gedib çıxır. Şou-biznes nümayəndələri ilə dil tapmaq və yola getmək çox çətindir.
– Artıq neçə ildir ki, bu sahədəsiniz?
– Artıq 22 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
– Bu illər ərzində nə müşahidə etdiniz?
– Bu illər ərzində müşahidə edə-edə gəldim. Heç kimin dəstəyi olmadan əvvəl xırda, sonra isə böyük addımlarla irəli getdim.
– Yəqin ki, ayağınızdan dartanlar az olmadı…
– Çox oldu. İndi də var. Həmkarlarımı haradasa başa düşmək olar. Amma bu işdə olmayan insanların məni qısqanıb uğurlarıma sevinməməyinə bir ad qoya bilmirəm.
– Sizi öz sahəniz üzrə “nömrə bir” adlandırmaq olar?
– Onu kənardakılar deyə bilərlər.
– Ümumiyyətlə, özünüzə rəqib görürsünüzmü?
– Rəqib görmürəm. Çünki Azərbaycanda təşkilatçı sözünün hərfi mənasını bilən az adam var. Kimsə toya bir müğənni çağırır, özünü təşkilatçı adlandırır. Kimsə kiminsə evində dekor qurur, özünə təşkilatçı deyir. Məndə isə A-dan Z-yədir. Ona görə də, bu sahədə özümə rəqib görmürəm.
– Pərdənin görünməyən tərəfindəki Tahir Məhərrəmli necə biridir?
– Çox həssas və kövrək biriyəm.
– Bəlkə də o kövrəklik sizi şeir yazmağa vadar edib…
– Şeir çoxdan yazıram. Bu istedadımı da birdən-birə kəşf etdim. Mən hətta özüm öz şeirlərimdən təsirlənib kövrəlirəm.
– Şeirlərinizə mahnı bəstələnibmi?
– Bəli, bir neçə şeirimə mahnılar yazılıb. Yeri gəlmişkən, qeyd edim ki, “Can, Azərbaycan!” adlı şeirimə yazılan mahnı çox ürəyimcə oldu. Fürsətdən istifadə edib həm bəstəkar Fərid Kərimliyə, həm müğənni Gülay Zeynallıya təşəkkür edirəm.
– Ola bilərmi gələcəkdə öz şeirlərinizi satıb pul qazanasınız?
– Şeirlər mənim övladlarımdır. Onları heç vaxt pul ilə satmaram.
– Övladlarınızdan hansısa biri sizin yolunuzu davam etdirmək istəyirmi?
– Heç birinin bu işə marağı yoxdur. Lap gələcəkdə olsa da, istəmərəm bu sahədə fəaliyyət göstərsinlər.
– Yatsanız, yuxunuza nə girməzdi?
– Yuxuma girməzdi ki, bu sahədə olaram.
– Bu işə nə zaman son qoymaq istəyirsiniz?
– Öz işi qabiliyyətimi itirdiyim zaman bu sahədən gedərəm. Allah o günü gecindən göstərsin.
– Siz pandemiya vaxtı xeyriyyə aksiyaları təşkil etdiniz. Bu zaman sizə dəstək olanlar oldumu?
– Pandemiya yeni başlayanda mənə müraciət edən insanlar oldu. Gücüm çatan qədər onlara fərdi şəkildə dəstək oldum. Sonra müraciət edənlərin sayı artdı. Gördüm ki, tək çatdıra bilmirəm. Yaxın ətrafıma müraciət etdim. Həm Azərbaycanda, həm də Rusiyada yaşayan vətəndaşlarımız bu aksiyada çox fəal iştirak etdilər.
– Nəyə “yox” deyirsiniz?
– Haqsızlığa, yalana, kiminsə pulunu saymağa, kimnsə haqqına girməyə və s. “yox” deyirsiniz?
– İndiyə qədər gördüyünüz işlər lazımınca qiymətləndirilibmi?
– Bəli, qiymətləndirilib. Sonuncu dəfə Türkiyədə təşkil olunan “Kardeşlik ödülü” adlı mükafatlandırılma mərasimində ilin ən yaxşı toy təşkilatçısı adına layiq görüldüm və mükafatlandırıldım. Bundan başqa, “İpək yolu” jurnalının təşkil etdiyi və dövlət adamlarının iştirak etdiyi bir tədbirdə yenə də ilin ən yaxşı toy təşkilatçısı seçildim və mükafata layiq görüldüm.
– Bu qədər işi bir arada necə görürsünüz? Nədən güc alırsınız?
– Mən ailləmə çox bağlıyam. Atamı itirmişəm, anam həmişə arxamdadır. Mən onun üçün, ailəm üçün, övladlarım üçün yaşayıram. Onları gələcəyinin yaxşı olmağı üçün əlimdən gələni edirəm. Mənə güc verən də budur.
– Son olaraq nə demək istəyirsiniz?
– Həyat çox amansızdır. Gözləmədiyimiz anda yaxınlarımızı əlimizdən ala bilər. Ona görə də, gəlin, bir-birimizin qədrini bilək, bir-birimizin varlığına sevinək. Hər günümüzə şükr edək.