Bu gün Vətən müharibəsində işğalçı Ermənistan və onun havadarları üzərində Azərbaycanın qazandığı möhtəşəm qələbə şərəfinə 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradından tam 1 il keçdi. Azadlıq meydanında keçirilən Zəfər Paradı həm Azərbaycan tarixinin, həm də ürəyi Qarabağla döyünən hər bir insanın yaddaşına qızıl hərflərlə yazılan mühüm və əhəmiyyətli hadisədir. İllər keçəcək, nəsillər dəyişəcək, nələrsə unudulacaq,kimlərsə yaddan çıxacaq, amma nə Qələbəmiz, nə onu bəxş edən oğullar, nə də bu qələbəni dünyaya bəyan edən Zəfər paradımız heç bir zaman unudulmayacaq, əksinə gələcək nəsillər bu tarixi hadisələrin mühüm əhəmiyyətini daha dərindən hiss edəcək, onu əbədi olaraq yaşadacaqlar.
Azadlıq meydanında çox paradlar keçirilib, lakin Zəfər paradı ilk dəfə keçirildiyi üçün onu tarixi hadisə adlandırırıq. Hər bir vətəndaşımız kimi mən də bu tarixi hadisələrin şahidi olduğum üçün özümü çox qürurlu və xoşbəxt hiss edirəm.
Bu paradda Şuşanın azad edilməsindən sonra Azərbaycan xüsusi təyinatlıları tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının Zəfər paradına gətirilməsi, 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitlərin bu Bayraq altında paradda birgə iştirak etməsi, hərbi paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə qəbul etməsi, iki ölkə arasında münasibətlərin göstəricisi olmaqla bərabər bu paradı “Qardaşlığın Zəfər Paradı” adlandırmağa da imkan verir.
İki ölkə rəhbərinin birgə qəbul etdiyi paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə olmaqla bərabər beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürü kimi gözəl bir ənənədir və bu ənənəni daim yaşatmalıyıq.
Zəfər paradında Azərbaycan silahlanmasında mövcud olan müasir hərbi texnikaları, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər ilə bərabər müharibə zamanı qənimət kimi ələ keçirilən Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismini nümayiş etdirməklə Vətən Müharibəsindəki qələbəmizin möhtəşəmliyini və təsadüfi olmadığını sübut etdi.
Hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin həm Ermənistanı ordusunu, həm də erməni miflərini döyüş meydanında məhv etdiyini nümayiş etdirdi. Müharibə dövründə Ermənistan ordusunda mövcud olan 10 mindən çox fərari sayı, müharibədən sonrakı dövrdə də artmaqda davam etdi. Buna misal olaraq 16 noyabr tarixli erməni təxribatları nəticəsində əsir düşən və döyüşdən qaçan erməni əsgərlərini və bu faktların Ermənistan rəsmiləri tərəfindən etiraf edilməsini göstərə bilərik.
İstənilən halda Azərbaycan- Ermənistan münasibətlərində, Qarabağ-Zəngəzur məsələsində hamımızın başını uca edən, dilini, əlini və qolunu açan Azərbaycan Əsgərinin Vətən Müharibəsindəki qəhrəmanlığı oldu. Bəzən əhəmiyyətini tam sona qədər dərk edə bilmədiyimiz, əslində isə gələcək nəsillər üçün qoyub gedə biləcəyimiz ən dəyərli miras olan Qarabağ Zəfəri və onunla bağlı olan Zəfər paradı, xalqımızın tarixində əbədi və silinməz olaraq yaşayacaq.