Milli Məclisin Deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov “Yeni Azərbaycan” onlayn ictimai-siyasi qəzetinə son zamanlar Azərbaycanın praqmatik xarici siyasət kursunu hədəfə almağa çalışan radikalların sosial şəbəkələrdə müxtəlif yalanlar səsləndirməsi, manipulyasiyalara əl atması ilə bağlı danışıb.
Ş.İsmayılov bildirib ki, radikal müxalifət düşərgəsi sosial şəbəkələrdə, internet resurslarında ölkəmizə qarşı kampaniyalar həyata keçirir, tarixi zəfərimizin əleyhinə ermənilərin tezislərinə əsaslanan təbliğat aparır. Millət vəkili qeyd edib ki, radikal müxalifətin Azərbaycan dövlətinə qarşı apardığı cılız kampaniyalar fiaskoya məhkumdur. Onun sözlərinə görə, dağıdıcı ünsürlərin və onların xaricdəki uzantılarının ermənipərəst mərkəzlərin sifarişi ilə bu cəhdləri göstərdiyi ortadadır: “Radikal müxalifətin və onların xarici uzantılarının Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzunu hədəfə almağa çalışması, manipulyasiyalara əl atması bir daha onların milli maraqlara düşmən kəsildiyini göstərir. Bu kimi şəxslər sosial şəbəkələrdə erməni maraqlarını müdafiə etməklə məşğuldurlar. Bu, bir daha radikal müxalifətin ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer aldığını təsdiqləyir. Belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç bir zaman bağışlanmır”.