Vətən müharibəsində möhtəşəm qələbənin əldə edilməsi və müharibədən sonrakı dövrdə işğaldan azad edilən torpaqlarda həyata keçirilən layihələr, o cümlədən yeni yolların çəkilişi, Füzuli, Laçın və Zəngilanda inşa edilməsi nəzərdə tutulan aeroportların tikintisi, Zəngilanın kəndlərində reallaşacaq “Ağıllı kənd” layihəsi, həmçinin bölgənin zəngin iqlimi, dağ çaylarının sularından istifadə edilməklə bölgənin dayanıqlı enerji potensialının yaradılması, dəmir yollarının çəkilişi barədə cənab Prezident proqram xarakterli mühüm açıqlamalar verib.
Bəlli olduğu kimi müharibədən əvvəlki illərdə ölkəmizin dövlət rəsmiləri böyük qayıdışla bağlı xeyli anonslar ediblər. Bədxahlar belə açıqlamaları daim gözdən salmağa çalışırdı.
Prezident qayıdışla bağlı çıxışlarında işğaldan azad edilən şəhərlərin baş planlarının hazırlanması üzərində iş aparıldığını qeyd etməklə yanaşı məlum bölgələrdə irimiqyaslı işlərin görülməsi üçün böyük sərmayələrin yatırılacağını qeyd etmiş, artıq dövlət büdcəsindən müxtəlif istiqamətlər üzrə nəzərdə tutulan işlərə ilkin olaraq 2 milyard manatdan artıq vəsaitin yönəldiləcəyini diqqətə çatdırmaqla, bu işlərin başlanğıc olduğunu vurğulamışdır.
Ölkənin bütün imkanları səfərbər olunmaqla doğma yurdlarına qayıdacaq məcburi köçkünlərin məşğulluq problemlərinin həll edilməsi, onların normal yaşayış tərzinin təmin edilməsi sahəsində strateji planları açıqlayan dövlət başçısı eyni zamanda bu işlərdə artıq xarici investorlarla birgə əməkdaşlığa başlandığını qeyd etmişdir.
Prezident bildirmişdir ki, qayıdışla bağlı pilot layihələrin icrasına da başlanıb. Bir layihə – “ağıllı kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər.
Möhtərəm Prezidentimizin sərgilədiyi bu proqramların iri maliyyə tutumu tələb etməsi heç kimə sirr deyildir. Müharibədən çıxan bir ölkə üçün bu tədbirlərin qısa müddətdə həll edilməsi heç də asan məsələ deyildir.
Dünyada hökm sürən qlobal maliyyə böhranları və son bir ildə isə pandemiya şəraitinə baxmayaraq möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadi potensialına görə bölgədə nümunəvi lider dövlətə çevrilmişdir.
Sosial sferanın inkişafı ilə bütün layihələr vaxtında icra olunmuş, əhalinin layiqli həyat tərzinin təmin edilməsi məqsədilə maaşlar və pensiyalar daim artırılmaqda davam etmiş, yoxsulluğun səviyyəsi minimum həddə düşmüş, əhalinin pul gəlirlərinin artımı davamlı prosesə çevrilmişdir.
Ağdaşda sahibkarlığın inkişafı, aqrar sektorda aparılan işlərə dəstəyin davamlı olması, yol infrastrukturunun yenilənməsi, aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış və fərdi evlərin tikilməsi, həmçinin məktəbəqədər və ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə tədbirlərin intensiv xarakter alması yuxarıda qeyd edilənlərin əyani sübutudur.
Bu gün rayonda əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Rayon sakinləri möhtərəm Prezidentimizin daxili və xarici siyasət kursunu bəyənir, onun ətrafında daim həmrəylik nümayiş etdirir, dövlətimizin uğurlarından böyük qürur duyurlar.