Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, “Coca-Cola” Fondu və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən “New Generation 2.0” layihəsi 2021-ci il üçün olan mövsümünə start verir. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) nəzdində fəaliyyət göstərən “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən icra edilən “New Generation 2.0” layihəsi 28 yanvar 2021-ci ildə ictimaiyyətə təqdim edilib.
“New Generation 2.0” (“Yeni Nəsil 2.0”) Azərbaycanda gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak etmələrinə imkan yaradan və biznesə dəstək verən bir illik layihədir. Bakı, Abşeron-Qobustan, Gəncə-Qazax, Şəki-Zaqatala, Sabirabad və Lənkəran regionlarını əhatə edəcək layihənin istiqamətləri özündə sahibkarlıq düşüncəsi, təhsili və mədəniyyəti, innovativ ekosistemin yaradılması, “HoReCa”, kənd təsərrüfatı və rəqəmsallaşmanı əks etdirir.
Pandemiya səbəbindən onlayn həyata keçirilən layihənin təqdimat mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə direktoru Adrian Cernautan, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin rəsmi missiya rəhbəri Cey Sinx, Milli Məclisin deputatları Şahin Seyidzadə, Nigar Arpadarai, Kamal Cəfərov, Avropa Gənc Sahibkarlar Assosiasiyasının (JEUNE) fəxri prezidenti Patrik Kovacs iştirak edib.
Tədbirin açılışını edən “Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Talifa İsgəndərli Proqramın ötən illərdəki uğuru, bu layihənin fəaliyyət istiqamətləri, görüləcək işlər, hədəflər haqqında təqdimat edib.
5 mərhələdən ibarət olacaq layihənin ilkin mərhələsi olan “Başlanğıc” (Seed up) mərhələsi gənclər arasında sahibkarlıq fəaliyyəti haqqında məlumatlılığın artırılması ilə bağlı olub gənclərə sahibkarlığın əhəmiyyəti barədə təlimlərin keçirilməsindən ibarət olacaq və nəticədə 3500 gənc əhatə ediləcək.
Növbəti mərhələ olan “Komanda” (Team up) mərhələsində gənclərin biznes ideyalarını formalaşdırılması üçün müxtəlif seminarlar, mentorluq sessiyaları və onlayn sessiyalar keçiriləcək və nəticədə 2000 gənc əhatə ediləcək.
Üçüncü- “Sürət” (Accelerate up) mərhələsi inkubasiya öncəsi proqram ilə başlayır. Seçilmiş komandalar üçün bir həftəlik “bootcamp” keçirilir və sahibkarlıq üçün peşəkar seanslar təşkil edilir və nəticədə 100 komanda seçiləcək.
Dördüncü mərhələ – “Yüksəliş” (Raise up) mərhələsi inkubasiya proqramı ilə başlayacaq. Proqram gənclər və qadınlar üçün təlim, mentorluq, bazar məlumatlarının yayılması, şəbəkə qurma, texnologiya transferi, və s. bu kimi xidmətlər təqdim edir və nəticədə 30 komanda seçiləcək. Eyni zamanda, komandalara Azərbaycanın tanınmış şirkətlərinin nümayəndələri mentorluq yardımı göstərəcəklər.
Sonuncu mərhələ – “Hədəf” (Target up) mərhələsi ”Pre-Pitching” və ”Pitching”ə həsr ediləcək. Mentorlar təqdimat hazırlığında komandalarla sıx əlaqədə olacaq və onlara Avropa Gənc Sahibkarlar Assosiasiyasının (JEUNE) təmsilçiləri tərəfindən dəstək göstəriləcək. Nəticədə 20 komandadan 4komanda investisiya əldə edəcək.
Qeyd edək ki, “Coca-Cola” Fondunun və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “New Generation 1.0” layihəsində 2018-2019-cu illərdə 2000-dən artıq sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənc qoşulub. Ümumilikdə, 2012-ci ildən bu günədək Gənclər və İdman Nazirliyi və “Coca-Cola” Fondu tərəfindən dəstəklənən “Youth Inc.” Sahibkarlıq Proqramı 18.000-dən çox gənci əhatə edib.
Açılış mərasiminin tam video yazısını “Youth Inc” Sahibkarlıq Proqramının Facebook səhifəsində izləyə bilərsiniz. Və layihənin növbəti addımları ilə bağlı ətraflı məlumatı əldə etmək üçün “Youth Inc” Sahibkarlıq Proqramını sosial media vasitəsi ilə izləməyi unutmayın.
















































































































































