Qocalma daxili və xarici mexanizmlərin təsiri altında baş verən, qarşısıalınmaz bir prosesdir. Hal hazırda bizi maraqlandıran üzün qocalmasıdır və bu mexanizmi bilmədən qocalma ilə mübarizə aparmaq olmaz. Bunun üçün üzün konstruksiyasını bilmək vacibdir. Üzün konstruksiyası, altda sümük, mimiki və çeynəmə əzələləri, dərin piy paketləri, fassiya və aponevroz (SMAS), səthi piy paketləri və sonda dərindən ibarətdir.
Bunu “Newpost.az”a açıqlamasında tanınmış həkim-kosmetoloq Sevinc Əliyeva vurğulayıb.
O, qeyd edib ki, üzün bəzi nahiyələrində bəzi qatlar olmaya bilər və ya bəzi qatlar bir-biri ilə hörülmüş şəkildə olur. Qocalmanın mexanizmində bütün qatlar iştirak edir və qocalmanın tiplərinin müəyyən edilməsi zamanı çox əhəmiyyətlidir. Qocalmanın bir sıra tipi var və hansı qatın az və ya çox dərəcədə iştirak etməsi ilə müəyyən edilir.
Dəri qocalması ilə necə mübarizə aparaq?
Həyat tərzi çox önəmlidir. Düzgun rejim, yuxu, düzgün cild baxımı. Dəri üçün əvəzedilməz olan professional qulluqdur. Çünki bir sıra maddələrin (hialuron turşusu, peptidlər, vitaminlər) dərinin dərin qatlarına çatdırılması çətindir və yalnız inyeksiyon yolla mümkündür. Digər qatlarda baş verən dəyişiklikləri isə yalnız kosmetoloji və cərrahi yolla aradan qaldırmaq olar.