Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Malaziyanın paytaxtı Kuala Lumpurda keçirilən “World Chefs Continental” Çempionatında iştirak edən Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının rəhbərlik etdiyi Azərbaycanın gənclərdən ibarət aşpazlar komandası yüksək nəticələr əldə ediblər.
Ölkəmizi təmsil edən “Sensum” komandası Kuala Lumpurda keçirilən dünya çempionatındakı fərdi çıxışlarda 3 qızıl və 7 gümüş medal, həmçinin komanda yarışlarında Gümüş Kubok qazanıb.
Bu yarışda ölkəmizi təmsil edən “Sensum” gənclər komandası Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəkçilərindən olduğu və Bakı Ekspo Mərkəzində keçirilən “Qızıl Şah” Milli Çempionatının da qalibidir.
Gənclər və İdman Nazirliyi tərəfindən mütəmadi olaraq gənclərin müxtəlif istiqamətdə olan beynəlxalq tədbir və səfərlərdə iştirakı dəstəklənir, dünya təcrübəsinin öyrənilməsi, uğurlu gənclərin tanıdılması istiqamətində işlər görülür.
Assosiasiyanın icraçı direktoru, Milli Çempionatın icraiyyə komitəsinin rəhbəri Fərhad Aşurbəyli qeyd edib ki, “Milli Çempionatın qaydalarına əsasən, gənclər arasında qalib gələn komanda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə beynəlxalq çempionatda iştirak etmək üçün lisenziya alır. Bu, üçüncü ildir və üçüncü gənclər komandasıdır ki, lisenziya əldə edir. 2022-ci ildə Sinqapurda və 2023-cü ildə Kuala-Lumpurda yarışan əvvəlki komandalar da yüksək nəticələr göstərib. lakin bu il bizim üçün xüsusilə uğurlu oldu. Bu il Altay Qəribov, Cəlal Məmmədov, Ömər Qəribov və kapitan Yevgeni Morqunovdan ibarət komanda öz yeməklərində həm Asiya, həm də milli motivlərdən istifadə edərək, 15-dən çox ölkədən olan hakimlərin diqqətini cəlb edən unikal simbioz yaradıb. Həmçinin, Assosiasiyanın sədri, bütün komandaların baş məşqçisi Orxan Muxtarov da dünya çempionatına dəvət olunmuş hakimlərindən biri olub. Beynəlxalq Kulinariya Cəmiyyətləri Assosiasiyası – Worldchefs” 100-dən çox ölkədə mütəxəssisləri birləşdirən beynəlxalq təşkilatdır.”