Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ümumilikdə 11 minə yaxın tələbə təhsil alır. Bu tələbələrin böyük əksəriyyəti, 83 faizi ilk dəfə Prezident seçkilərində iştirak edəcək.
“Newpost.az” xəbər verir ki, bunu Azərtaca açıqlamasında AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili deyib. Təşkilat sədri bildirib ki, ölkədə növbədənkənar Prezident seçkiləri elan ediləndən sonra seçkidə ilk dəfə iştirak edəcək tələbələr üçün marifləndirici proqram hazırlanıb. Proqrama əsasən, tələbələrlə silsilə görüşlər və seminarlar təşkil olunur.
O, qeyd edib ki, universitetdə Seçkiyə təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun aparılır. Konstitusiyanın 47-ci maddəsində göstərilir ki, hər kəsin fikir və söz azadlığı var. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmədən gənclərin marifləndirilməsi işi təşkil edilib.
THİK sədri onu da əlavə edib ki, tələbələrin seçki ilə bağlı yaranacaq suallarının cavablandırılması üçün təşkilatda səlahiyyətli şəxs təyin olunub. Həmin şəxs Mərkəzi Seçki Kommisiyası ilə kordinasiyalı şəkildə sualları cavablandırır və yaranan çətinliklərin aradan qaldırılması üçün aidiyyatı üzrə müraciətlər edir.
Qeyd edək ki, 7 fevral 2024-cü il tarixində ölkəmizdə növbədənkənar Prezident seçiləri elan edilib.