Tarix boyu milli dirçəliş və ictimai tərəqqi yollarını dahi şəxsiyyətlər müəyyənləşdirmişlər. Mürəkkəb, təlatümlü çağlarda məhz belə şəxsiyyətlər irəli çıxaraq, liderlik və xilaskarlıq missiyasını yerinə yetirməklə öz xalqının və bəşəriyyətin taleyində silinməz izlər qoyublar. Bu gün müstəqillik və tərəqqi yolunda inamla addımlayan, azad və demokratik dövlət kimi dünya birliyində layiqli yer tutan, iqtisadi və siyasi islahatların uğurla həyata keçirildiyi Azərbaycan Respublikasının müasir tarixinin təqribən yarım əsrə bərabər dövrü və bu dövr ərzində qazandığı bütün uğurlar ümummilli lider, dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bilavasitə bağlı olmuşdur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il keçir. Bu gün hər bir ölkə vətəndaşına bəlli olan bir həqiqət var: Ulu öndərimiz Heydər Əliyev həsəd aparılacaq bir zəngin, mənalı və şərəfli ömür yaşamışdır. Qısa zaman kəsiyində xalqımı¬zın uzun əsrlər boyu uğrunda usanmadan çarpışdığı ən ümdə haqqını reallığa çevirmişdir: Azərbaycanı hər bir dövlət və millət üçün ən yüksək məqama – müstəqilliyə qovuşdurmuş, dövlətimizin dünya birliyində layiqli yerini bütün bəşəriyyətə nümayiş etdirmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təbirincə desək, “Heydər Əliyevin liderlik keyfiyyətləri, onun xalqına, millətinə bağlılığı hər zaman böyük işlər görməsi üçün stimul olmuşdur.
Ümummilli Liderin Azərbaycanın xoşbəxt, təhlükəsiz gələcəyinə təminat verən zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini də ordu quruculuğu təşkil edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmışdı. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahədə əsaslı dönüş yaradılmış, ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesinə başlanılmışdır. Məhz Ümummilli Liderin cəsarətli addımları sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başlamışdır. Bu məktəbin yaradılması o zaman çox böyük cəsarət tələb edirdi.
Qeyd etmək lazımdır ki, Cəmşid Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sənətinə marağın daha da güclənməsinə böyük təkan vermişdir. Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olmuşdur. Təsadüfi deyildir ki, müstəqillik illərində C.Naxçıvanski adına hərbi məktəb Azərbaycanın ordu quruculuğunda əsas bazalardan birinə çevrilmişdir. Beləliklə, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilini həyata keçirmişdir.
Azərbaycan xalqı yenidən öz müstəqilliyini elan etdikdən sonra ordu quruculuğu tarixində növbəti şərəfli bir mərhələnin başlanğıcını qoydu – 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul olunsa da, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər.
1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandı. Bundan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.
Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması müasir hərbi texnika ilə yanaşı, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan da əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda önəmli bir addım olmuşdur.
Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük rəhbər misilsiz fədakarlıq göstərib. Bunun ən bariz nümunələrindən biri də ulu öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qa¬zanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir.
Bu gün ümummilli liderin ideyaları Azərbaycan Respubli¬kasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inki¬şaf edir.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır.
Nəhayət, ordumuzun, xalqımızın illərdən bəri gözlədiyi sevinci onlara bəxş etdi. 2020-ci ilin 27 sentyabrında əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Ölkənin ərazi bütövlüyü bərpa edildi.
Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şad¬dır– xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini da¬vam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən nəsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Heydər Əliyevin bö¬yük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.
Bütün bunlara görə qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir və uca Yaradandan unudulmaz öndərinə qəni-qəni rəhmət diləyir!