25 noyabr 2022-ci il tarixdə ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkil etdiyi beynəlxalq konfransda Ölkə Prezidenti cənab İlham Əliyev iştirak etmiş və həmin önəmli platformada regionda baş verən hadisələrin müzakirəsi, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işlərinə xüsusi diqqət yetirilmişdir. Bildiyimiz kimi möhtərəm Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali rəhbərliyi ilə Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində parlaq Qələbə qazanması və işğal altında olan torpaqların azad edilməsi, regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yaratmışdır.
Dövlətimizin başçısı çıxışında xüsusi məqamları qeyd etməklə Azərbaycanın sarsılmaz mövqeyini və haqlı tələbləri olan güclü dövlət olduğunu bird daha bəyan etdi. Azərbaycanın coğrafiyası yaxşı məlumdur. Bizim açıq dənizə, okeanlara çıxışımız yoxdur. Buna görə istər bizim enerji layihələrimiz, istərsə də nəqliyyat layihələrimiz olsun, hədəfimizə çatmaq üçün biz çox gərgin işləməli idik. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək.
Bəli, qeyd olunan məsələlər və statistik faktlar onu göstərir ki, Azərbaycan həm iqtisadi, həm də digər mühüm sferalar üzrə təşkil olunan beynəlxalq platformalarda iştirak edən güclü dövlətlərin sırasında qərarlaşıb. Konfrans iştirakçılarının suallarını cavablandırarkən, dövlətimizin başçısı digər mühüm məsələni xüsusilə diqqətə çatmışdır ki, bu da məhz Azərbaycanın digər dövlətlərlə olan əlaqələrinin yüksək səviyyədə olması ilə bağlı olmuşdur. Ona görə ki, həqiqətən də Prezident İlham Əliyevin apardığı müdrik xarici siyasət nəticəsində bizim qonşu, eləcə də digər xarici dövlətlərlə əlaqələrimiz güclənmiş, dostluq və qardaşlıq münasibətləri yüksək səviyyəyə çatmış, eyni zamanda bir neçə dövlətlə müttəfiqlik yaranmışdır. Doğrudan da İsraildə səfirlik, eləcə də Fələstində təmsilçilik ofisi açmaq qərarı ölkəmizin milli maraqlarına əsasən verilmiş bir qərardır, İsrail və Fələstinlə uzunmüddətli əməkdaşlığı əks etdirir. Tədbir çərçivəsində Türkiyə-Azərbaycan arasındakı sıx dostluq və qardaşlıq əlaqələrinə də toxunuldu ki, biz doğrudan da heç bir zaman istər müharibə, istərsə də post müharibə dövründə qardaş ölkənin bizə göstərdiyi siyasi mənəvi dəstəyi unuda bilmərik. Bütün dünya yaxşı bilir ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır. Bugün faktlara əsaslanaraq, söyləyə bilərik ki, cənab Prezidentin Azərbaycanın maraqları naminə həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət bizim beynəlxalq nüfuzumuzu gücləndirmişdir. Azərbaycan dünyada artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Ümumilikdə dünyada cərəyan edən gərgin proseslər fonunda diqqət etsək görərik ki, tənəzzül dövrünü yaşayan bir çox dövlətlərdən fərqli olaraq, Zəfər Sərkərdəmiz,möhtərəm Prezidentimiz cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında Azərbaycan son illərdə saysız-hesabsız uğurlara imza atmaqla, yeni geosiyasi reallıqlar yaratmış və qızıl hərflərdən ibarət tarix yazmış qüdrətli dövlətdir.