“Qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslərin pensiya artımları yeni qayda üzrə hesablanacaq”.
“Newpost.az” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
Onun sözlərinə görə, həmin şəxslərin pensiyaları da gələcəkdə indeksləşdirilmə metodu ilə artırılacaq: “Hesablamalar zamanı müəyyən olunub ki, onların əmək haqlarında olan təxminən 20 faizlik artım həmin şəxslərin pensiyalarına cəmi 9,2 faizlik təsir edir. Amma əvvəlki illərə nəzər salsaq görərik ki, pensiyalar kifayət qədər böyük həcmdə ölkə üzrə indeksasiya olunur. Misal üçün, keçən il indeksasiya 11,4 faiz, ondan əvvəlki ildə isə 16,6 faiz həcmində olub. Sığorta prinsipi ilə pensiya alan şəxslərin pensiyalarının indeksləşdirilmə üzrə artımları həmin şəxslərin əmək haqqılarındakı artımlar üzrə təsirini daha da üstələyir”.
Himalay Məmişov qeyd edib ki, bu nəzərə alınmaqla, həmin şəxslərə dövlət qayğısının gücləndirilməsi, onların pensiyalarının hər il artırılması və həmin pensiyaçılarımızın maddi rifahının yüksəldilməsi üçün bu addım atılıb:
“Onların pensiyalarının əmək haqqı ilə bağlı deyil, indeksləşdirmə ilə artırılması metoduna keçirilib. Növbəti ildən bu metodologiya əsasında həmin şəxslərin pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik hazırlanır”, – o əlavə edib.