Yanvar ayının sonunu fevralın əvvəlinə bağlayan iki dəyər: Rəsulzadə və Azərbaycan gəncliyi. Kimdir Rəsulzadə?
İctimai – siyasi xadim, Müsəlman Şərqində ilk demokratik respublikanın qurucusu, “milli dövlət” anlayışını Azərbaycan tarixinə gətirən şəxsdir Məhəmməd Əmin Rəsulzadə.
Azərbaycan torpaqları geosiyasi cəhətdən əsrlərin sınağından keçmiş, müharibələrin, siyasi intriqaların mərkəzi olmuşdur. Zamanla genləri dəyişdirilməyə cəhd olunmuşdur. Qərb xalqları mənsub olduqları dinə görə ümumiləşdirilmirdi. Onlar almanlar, fransızlar, ruslar və s. kimi milli kimlikləri ilə tanınırdı. Azərbaycan xalqı isə ərazisində baş verən siyasi proseslər fonunda milli mənsubiyyəti olmayan özündə bir çox milləti etiva edən “müsəlmanlar” kimi çağırılırdı. Bax həmin o Rəsulzadə təfəkkürü, Rəsulzadə ideologiyası Azərbaycan xalqına öz milli kimliyini tanıtdı. M.Ə.Rəsulzadə Azərbaycan xalqının millət olaraq təşəkkülündə müstəsna rolu olan şəxsiyyətdir. ABŞ tarixində “founding fathers” yəni “qurucu atalar” anlayışı önəmli yer tutur. Qurucu atalar Şimali Amerikada 13 Böyük Britaniya koloniyasının liderləri idilər və Krallığa qarşı çıxaraq öz müstəqilliklərini qazanıb yeni millət formalaşdırdılar. Bu baxımdan Rəsulzadə milli dövlətçiliyimizdə qurucu ata ünvanının sahibidir. Tarixən Azərbaycanda mövcud olan dövlətlər sülalələr, ailələr tərəfindən yaradılıb yönəldilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti əsin mülki olmayan ilk milli dövlətimiz idi. Rəsulzadə son nəfəsinə qədər azərbaycançılıq, türkçülük ideyasıni müdafiə etdi və vətəndən uzaqda “Azərbaycan” deyərək əbədiyyətə qovuşdu. Ailəsi, həyatı paramparça olsa da Azərbaycan xalqını vahid ideya ətrafında birləşdirə bildi və gələcək nəsillərə öz ideologiyası, öz publisistikası ilə zəngin irs buraxdı. Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin də dediyi kimi: “Faktlar inadkardır, onları inkar etmək olmaz”. Cəmiyyətə bir ideologiyanı həzm etdirmək üçün sözün gücü bütün dövrlərdə danılmaz olub. Rəsulzadə həm də güclü siyasi publisist idi. Sovetlər Birliyi Rəsulzadə qələmini özü üçün təhdid hesab edirdi. Rəsulzadə sözləri zamansız qüvvəyə malik idi: “Şübhəsiz ki, bir gün həqiqət parlayacaq”. Bəli həmin həqiqət Azərbaycan üçün 70 il sonra yenidən parladı. Azərbaycan xalqı bu gün Rəsulzadənin toxumlarını bir əsr öncə səpdiyi hüriyyət havası ilə tənəffüs edir. Rəsulzadə gələcəyimizin şəkilləndirilməsində gənclərin potensialına ehtiyac olduğunu hər zaman vurğulamışdır. O milli istiqlal uğrunda yola çıxanda bəlkə də çoxlarının ciddiyə almadığı 18 yaşlı gənc idi. Həmin vaxtdan bir əsrdən çox zaman keçdi, bu gün Rəsulzadə milli dövlətçiliyimizin simasidır. Rəsulzadənin Azərbaycan gəncliyinə xitabən dediyi sözlər zamanla Azərbaycan gəncinin simasında öz təsdiqini tapmışdı.
İYUL 1920
“Əsrimizin Siyavuşu” son qeyd:
Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmz yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbətdə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda YA QAZİ, YA ŞƏHİD OLACAQSAN!
TAM BİR ƏSR SONRA
27 SENTYABR 2020
Azərbaycan gəncliyi bu tarixdən başlayaraq 44 gün müddətində Azərbaycan tarixinə yeni və şanlı səhifə əlavə etdi. Həm də sözlə yox əməllə! Həmin tarixdə Azərbaycan gənci Rəsulzadənin dediyi həmin bayrağı Qarabağda dikdi. Bu onun göstəricisi idi ki, Azərbaycan gəncliyi döyüşkəndir, mübarizdir, cəsurdur, haqqı olanı alandır.
Zirvələrdə bərqərar olmaq üçün gəncliyimizə daim yol açmalı, şərait yartmalı, onların potensialından gələcəyimiz üçün doğru istifadə etməliyik.
Gənclər və gənc hiss edənlər gününz mübarək!















































































































































