Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqaməti məhz əhalinin maddi rifahının yaxşılaşdırılmasına yönəlib. Ümumiyyətlə, ölkəmizin iqtisadi gücünün, qüdrətinin bütün parametrlərində insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər dayanır. Biz dünyada hökm sürən qlobal pandemiya ilə mübarizə dövründə dövlətimizin yenə də iqtisadi sahədə əhaliyə dəstək verdiyinin şahidi olduq. Bunun özü də sosial dəstəkdir. Çünki işləməyənlərə maddi yardım göstərilməsi vacib amillərdən biridir. Həmçinin bizneslə məşğul olan şəxslərə ziyanlarını kompensasiya edəcək ödənişlərin edilməsi də xüsusi vurğulanmalıdır.
“Newpost.az” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
Deputat bildirib: “44 günlük Vətən müharibəsinin gedişatında Ordumuzun sosial təminatı çox yüksək səviyyədə oldu. Bundan əlavə, müharibə zamanı və ondan sonra qazilərimizin müalicəsi, məişət şəraitinin yaxşılaşdırılması xərcləri dövlət tərəfindən rahatlıqla qarşılandı.
2022-ci ilin dövlət büdcəsində Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün addımların atılması tövsiyə edilmişdi. Bunun üçün də 1,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutuldu. Beləliklə, büdcə bunu qəbul etdi. Bu islahatlar üçün 2,1 milyon insanı əhatə edəcək iqtisadi paketin hazırlanmasına büdcədə zəmin yaradıldı”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin sərəncamları ilə peşə təhsilində çalışan, hərbi hazırlığa qədər müəllimlərin əməkhaqqının, təqaüdlərin, tələbələrin, elm sahəsində çalışanların müavinətlərinin artırılması əhəmiyyətli addımlardan biridir. Belə ki, əməkhaqqı ciddi şəkildə artırıldı. Son illərdə isə minimum əməkhaqqı və pensiyalar demək olar iki dəfə artırılmışdı. Aparılan bütün islahatlar insanlarımızın dövlət tərəfindən diqqətdə saxlanılmasının əyani sübutudur. Əlbəttə, dövlətimizin iqtisadi qüdrəti artdıqca sosial sahədə görülən işlər daha sürətlə davam etdiriləcək. Hesab edirəm ki, ölkədə aparılan bütün islahatlar Prezident İlham Əliyevin sosial siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin də dediyi kimi, bu proses yeni islahatlar çərçivəsində mütəmadi olaraq davam etdiriləcək.