Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edir.
“Newpost.az” xəbər verir ki, bunu sayta açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib. O, vurğulayıb ki, imzalanmış yeni Fərman və Sərəncamlarla müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. Nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.
Nəzərdə tutulmuş artım növbəti kateqoriyalara aid şəxsləri əhatə edəcəkdir: Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər; Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər; Yaşa görə müavinət alanlar; Ailə başçısını itirməyə görə müavinət alanlar; Müddətli hərbi xidmətdə olanların uşaqları; Uşaqların qəyyumları; Beşdən çox uşağı olan qadınlar; Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr; Övladlığa uşaq götürənlər; İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları; “Xalq” və “Əməkdar” fəxri adı olanlar; Doktorant və tələbələr. Artım həmçinin birdəfəlik müavinətləri əhatə edəcəkdir: Uşağın doğulmasına görə birdəfəlik müavinət; Dəfn üçün birdəfəlik müavinət və.s
Dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə mühüm irəliləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır.