16 İyul 2021-ci il tarixdə YAP Yevlax Rayon Təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Yevlax şəhər Gənclər və İdman İdarəsinin, Yevlax şəhər Gənclər Evi Sosial Xidmət müəssisəsinin və Yevlax şəhər Heydər Əliyev Mərkəzinin birgə iştirakı ilə “Qurban bayramı Müsəlmanların mənəvi birlik və həmrəylik rəmzidir” mövzusunda videokonfrans formatında tədbir keçirilib. Tədbirdə YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev, DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev, Yevlax şəhər Heydər Əliyev mərkəzinin direktoru Aygün Qasımova, şöbə əməkdaşları və fəal gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev müstəqilliyimizin ilk günlərindən başlayaraq milli-mənəvi dəyərlərimizə olan mənfi münasibətin kökündən dəyişdiyini, xalqımızın milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində hörmət göstərilməyə başlanıldığını qeyd edib. Müstəqillik qazandıqdan sonra artıq xalqımızın öz dini və milli bayramlarını sərbəst şəkildə qeyd etdiyini, insanların əvvəlki kimi çəkinərək deyil sərbəst sürətdə məscidlərə gedərək öz ibadətlərini etməyə başladığını vurğulayan Natiq Əfəndiyev milli-dini bayramlarımız sırasında Qurban bayramının xalqımız üçün xüsusi yeri olduğunu bildirib. Natiq Əfəndiyev Qurban bayramının xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatı olduğunu diqqətə çatdıraraq, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrə ayrılan diqqət kimi, milli-dini dəyərlərimizə, dini bayramlarımızın dövlət səviyyəsində keçirilməsinədə xüsüsi önəm verildiyini birdaha qeyd edib.
Daha sonra çıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev ölkəmizin ikinci səfər yenidən müstəqillik qazandıqdan sonra xalqın öz milli-mənəvi və dini dəyərlərinə qovuşduğunu bildirərək, respublikamızın bütün rayon və şəhərlərində yeni məscidlərin inşa edilməyə başlandığını diqqətə çatdırmışdır. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramının bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycandada böyük sevgi ilə qeyd olunduğunu bildirən Rafiq Əliyev, Azərbaycanın müstəqillik əldə etdikdən sonra Qurban bayramının ölkəmizdə də dövlət səviyyəsində bayram edildiyini vurğulamışdır.
Çıxış edənlər Yevlax şəhər Heydər Əliyev mərkəzinin direktoru Aygün Qasımova, Yevlax şəhər “Cümə” məscidinin imamı Eldəniz Əhmədov xalqımızın tarixi köklərə söykənən milli-mənəvi dəyərlərindən, ölkəmizdə höküm sürən tolerantlıqdan və dini bayramımız olan Qurban bayramının tarixindən danışaraq bu kimi tədbirlərin müsbət nəticələrini qeyd etmişlər.
















































































































































