Təqvim günlərini tarixə çevirən həmin vaxt baş verən hadisələrdir. Heç şübhəsiz ki, Türkiyə prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfəri də tarixi hadisədir. Prezident İlham Əliyevin də dediyi kimi, dövlətlərimiz arasındakı münasibətlər xalqlarımızın dahi övladları Qazi Mustafa Kamal Atatürkün – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin – “Bir millət, iki dövlət” kəlamları ilə açıq-aydın ifadə olunmuşdur.
Dünyanın gözü 2 qardaşın görüşündə idi. Bu qardaşlıq özündə milli-mənəvi və ortaq dəyərləri, strateji tərəfdaşlıqları əks etdirir. Görüş həm də işğaldan azad edilən torpaqlara səfər edən ilk xarici dövlət başçısının məhz qardaş ölkədən gəlməsi ilə vacib bir mesaj ötürdü. 44 günlük Vətən müharibəsi başlayan andan qurtarana qədər dost, qardaş dövlət olan Türkiyə Cümhuriyyəti mənəvi cəhətdən Azərbaycanın yanında olmuş, beynəlxalq arenalarda haqq işimizi bizimlə birgə müdafiə etmiş, sözün əsl mənasında qardaşlıq nümunəsi göstərmişdir. Vətən müharibəsi bitdikdən sonra da biz qardaşlarımızın hərtərəfli dəstəyini hiss etmişik. Cənab Prezident İlham Əliyevin dəvəti ilə cənab Rəcəb Tayyip Ərdoğanın Şuşa səfərini Azərbaycan-Türkiyə qardaşlığının yeni mərhələyə qədəm qoyması kimi də şərh edə bilərik.
















































































































































