Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci ilin 31 mart tarixində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə çıxış etmişdir.
Tədbirdə çıxışı zamanı dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra 30 ilə yaxın dövr ərzində Ermənistan və onun havadarlarının dəstəyi nəticəsində hərbi təcavüzə məruzə qalaraq suveren əraziləri üzərində nəzarəti tam itirmək təhlükəsi ilə üz-üzə qalmışdır.
Bu işğal nəticəsində torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən zəbt edilmiş, bir milyondan çox etnik azərbaycanlı öz doğma torpağından didərgin düşərək qaçqın-köçkün vəziyyətinə salınmışdır.
Xalqımıza qarşı analoqu olmayan etnik təmizləmə siyasəti aparılmışdır. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Soyqırıma məruz qalanların 106 nəfər qadın, 63 nəfəri uşaq olmuşdur.
Təəssüflər olsun ki, rəsmi Ermənistanım təcavüzkar siyasətinə qarşı beynəlxalq təşkilatlar tərəfindən formal olsa da təcavüzü pisləyən qətnamələr qəbul edilməsinə baxmayaraq, uzun müddət ərzində münaqişə ikili standartlar səbəbindən dondurulmuş vəziyyətdə saxlanılmışdır.
Təcavüzkara qarşı sanksiyalar tətbiq olunmadığı üçün mənfur düşmən yurd yerlərimiz, tarix və mədəniyyət abidələrimizə qarşı misli görünməmiş vandalizm aktları həyata keçirmiş, bütün işğal olunan torpaqlarda qeyri-qanuni məskunlaşdırma aparılmış, qalan ərazilərimizi isə minalanmış xarabalığa çevirmişdir. Bu günədək insanlığa qarşı soyqırım aktı keçirən, əli insan qanına batan vəhşi qəbilənin rəhbərləri minalanmış sahələrin xəritələrini təqdim etməkdən qətiyyətlə boyun qaçırır.
Azərbaycan xalqının birliyi və dövlət başçısının qətiyyəti sayəsində 44 gün davam edən II Qarabağ müharibəsi düşmən üzərində tam qələbə ilə nəticələndi.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan aciz duruma düşərək kapitulyasiya aktına imza atdı.
Bu təkcə Azərbaycanın deyil, dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının, həmçinin türk dünyasının qələbəsinə çevrildi. İndi qələbəyə gedən 44 günlük zəfər yolunun incəlikləri dünyanın bir çox yerlərində diqqətlə öyrənilir.
Müharibənin ilk günündən qardaş Türkiyə ölkəmizə böyük dəstək verdi. Bu dəstək nəticəsində heç bir kənar qüvvənin məsələyə müdaxiləsi olmadan dövlətimiz istəyinə çatdı.
Tarixi qələbəmiz sayəsində qədim Azərbaycan torpağı olan Zəngəzurdan açılan dəhliz türk dünyasının birləşməsi rolunu oynayacaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün.
Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşəcək, Orta Asiya Avropa ilə birləşəcək.
Artıq yeni nəqliyyat dəhlizinin yaranması istiqamətində işlərə başlanılıb.
Dövlət başçısının müdrik və uzaqgörən siyasəti nəticəsində bu günlər ərzində işğaldan azad olunan bütün torpaqlarda həyat canlanır.
Rayon sakinləri möhtərəm Prezidentimizin Azərbaycanın dövlət müstəqilliyinin, o cümlədən türkdilli dövlətlərlə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərini bəyənir və yekdilliklə müdafiə edirlər.