VƏTƏN!
5 hərf, 5 səs olan bu sadə sözdə necə böyük qüvvə, necə dərin məna var!
Onun haqqında danışanda susmaq istəmirsən, yazdıqca yazmaq istəyirsən. Bu söz elə böyük sehrli sözdür ki, tələffüz etdiyin zaman, eşitdiyin zaman sevincdən gözlərin yaşarır, ürək döyüntünün ritmi dəyişir…
Canından da keçməyə razı olursan, yetər ki vətənim yaşasın, bir qarış torpağına toxunulmasın…
Bəs haradan başlayır Vətən? Ailədənmi? Məktəbdənmi?
Yox, yox…
Daha tez başlayır Vətən sevgisi!
Dünyaya hələ göz açmayan körpəyə ananın “dünyaya sağ-salamat gəl, vətəninə layiq övlad ol” deməyindən başlayır Vətən!
Ana bətnində qoyulur bu sevginin toxumları. Anaların oğul övladına layla çalarkən “oğlum tez böyü, əsgər get” deməsindən başlayır bu sevgi!
Məktəbə ilk addımını atan uşaqların ilk söz -“Vətən” yazmasından başlayır bu ülvi duyğu.
Vətən sevgisinin ana bətnində olanda toxumları yaranır, sonra cücərməyə başlayır, bu sevgini addım-addım böyüdürük qəlbimizdə, ürəyimizdə. Ancaq ən çox sərhəddə başlayır Vətən! İsti, soyuq bilmədən neçə cəsur əsgərin göz bəbəyi kimi qoruduğu sərhəddən…
Əsgərlərimizin ayaq izlərinin toxunduğu, hər qarış torpağı üçün canını qoyan oğulların qanı düşmüş torpaqdan başlayır Vətən!
Bu ölkənin vətəndaşı olmaqdan əlavə vətəninə daş olmaq üçün sinəsini sipər edən qəhrəmanlardan başlayır Vətən!
Əlif Hacıyev kimi qəhramanlardan başlayıb, Mübariz İbrahimovla, Xudayar Yusifzadə kimi qəhrəman gənclərlə davam edir bu sevgi, bu eşq…
Bəs gənclik Vətəni belə gözəl sevməyi necə və kimdən öyrənir?
Vəzifəsindən, mövqeyindən asılı olmayaraq öz əsgəri ilə çiyin-çiyinə vuruşan Polad Həşimov kimi general qəhrəmanlardan öyrənirik Vətən sevgisini! Tabutda övladının cənazəsi gələn məğrur atadan,”övladım kürəyindən vurulsa üzülərdim, yaxşı ki” güllə ürəyindən dəyib” deyən anadan öyrənirik bu sevgini. Bəzən isə elə gənc xanımlardan öyrənirik Vətən sevgisini. Nargül kimi xanımlardan…
Bir ölərkən, min doğuluruq! Dastana dönür həmin qəhrəmanlar, öz qanları ilə tarix yazırlar, dastan yaradırlar.
Sevindirici haldır ki, Azərbaycanda vətənpərvər gənclik yetişib! Ölkəmizdə gənclərin bu ruhda tərbiyə olunmasına Ulu öndər Heydər Əliyevin rəhbərliyə gəlməsindən başlanılıb. Ümummilli Lider nitqlərinin birində demişdir: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir.
Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.
Və biz bu gün qürurla deyə bilərik ki,Azərbaycan Gəncliyi Ulu Öndərimizin bu etimadını doğrultmağı bacarır və bu yolda əlindən gələni əsirgəmir. 44 günlük müharibə zamanı da biz Azərbaycan Gəncliyinin gücünü gördük! Ön cəbhədə döyüşən ordumuza dəstək olmaq məqsədi ilə gənclərimiz arxa cəbhədə bir yumruq oldular! Həqiqətlərin dünyaya çatdırılmasında gənclərimiz sosial şəbəklərdə fəallıq göstərdilər. Hər birimiz işimizi, peşəmizi, vəzifəmizi unudub bir amal üçün, məqsəd üçün birləşdik!
Bəli, biz qalib ölkənin qalib vətəndaşı, qalib gəncliyi olmağı bacardıq! 2000-ci illərdə dünyaya gələn gənclik tarixi dəyişdilər, tarixi yenidən yazdılar. Azərbaycan gəncliyi vətən üçün canını, qanını, gözünü, qolunu qoydu. Və sonda qürurla “Vətən sağ olsun” söylədilər.
Hər gənc arxasında buraxdığı azyaşlı övladını, anasını unutdu. Gənclər canından keçdi, yetər ki Vətən yaşasın deyə!
Minlərlə gənclər vətən üçün daş oldu, yorğanları qar oldu!
Ancaq onlar bu yoldan dönmədilər, ölərək yaşatdılar qürurumuzu!
P.S: Vətənpərvərlik insanın daxilindən gələn bir hissdir, ancaq biz bu hislərin daha da dərinləşməsi üçün tərbiyə prosesində əlimizdən gələni etməliyik. Bunun üçün təhsil ocaqlarının üzərinə mühüm vəzifə düşür. Bir müəllim kimi demək istəyirəm ki, biz hər gün dərsimizin 10 dəqiqəsini bu mövzuya həsr etsək vətənini, xalqını hər şeydən daha çox sevən gənclərin sayı daha da artar. Bu gün dərs dediyim sinif otağında 8 yaşlı şagirdlərimin bayrağımıza,
Vətənimizə olan sevgini görürəm və qürurla baxıram və inanıram ki, bu günümüz kimi sabahımız da etibarlı əllərdədir!
Vətənimizin bu günü, sabahı sizin, bizim əlimizdədir!
İnsan üçün Vətən yaxşıdır!
O vətən ki, adı gələn anda könlümüz dastana dönür!
Bu dastanın hər zaman yaşaması üçün bir olmalıyıq, vətənə layiq Gənclik olmalıyıq!















































































































































