Son 17 ildə ilk dəfə olaraq 26 fevral 2021-ci il tarixdə dövlət başçısının Qərb və Şərq ölkələrinin nüfuzlu media nümayəndələrinin iştirakı ilə geniş mətbuat konfransı keçirilmişdir.
Sözügedən mətbuat konfransı 4 saatdan artıq davam etmiş, bu toplantıda dünyada , həmçinin Qafqaz regionunda coğrafi-siyasi proseslərin analitik təhlili əsas yer almış, Türkiyə-Azərbaycan münasibətləri və digər məsələlərdə Prezidentin media nümayəndələri ilə açıq və geniş dialoqu baş tutmuşdur.
Mətbuat konfransında ən çox təhlil edilən məsələlərdən biri də Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə və bundan sonra regionda yaranmış gerçəkliklər fonunda yeni qaydaların meydana gəlməsi, yaxın qonşular, eyni zamanda Qarabağın erməni icması və Ermənistanla sosial-iqtisadi münasibətlərin yenidən bərpa olunması məsələləri müzakirə olunmuşdur.
Prezident sualları cavablandırarkən müdrik siyasi uzaqgörənliklə dünya çapında dövlətlərin daxili işlərinə qarışmamaq kimi tezisə diplomatik məharətlə toxunmuş, hətta düşmən Ermənistanın daxilində baş verənlərin həmin ölkənin daxili işi olduğunu qeyd etmişdir.
Prezidentin bütün kürsülərdə daim vurğuladığı ölkə siyasəti ilə bağlı təhlükəsizlik standartlarına daim sadiq qalacağı qeyd edilmiş, ölkənin ərazisində heç bir dövlətin hərbi bazasının yaradılmayacağını qətiyyətlə bildirmişdir.
Azərbaycan Ordusunun daim təkmilləşdirilməsinin əsas hədəf olduğunu qeyd etməklə, Prezident ölkəmizdə öz gücünə görə türk ordusunun kiçik modelinə bənzər bir ordu yaradılacağını bəyan etmişdir. O, eyni zamanda özünəməxsus təmkinliklə özünün idarəçiliyi dövründə bu prinsiplərə sadiq qalacağını bütün siyasi oyunçuların diqqətinə çatdırmışdır.
Suallar 4 dildə cavablandırılarkən Azərbaycan üzvü olduğu bütün beynəlxalq qurumların, o cümlədən Qoşulmama hərəkatına sadiqliyini diqqətə çatdırmış, bütün tərəfdaşlar və qonşuları ilə çoxtərəfli sıx münasibətlərin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilmişdir.
Eyni zamanda Prezident mətbuat nümayəndələri ilə görüşdə Azərbaycanın dünyanın nüfuzli dövlətləri olan Rusiya, Türkiyə və İranla müharibədən sonrakı dövr ərzində inteqrasiya proseslərinin daha da möhkəmləndirəcəyini diqqətə çatdırmışdır.
Ağdaş rayonu ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində ümumi inkişafa inamla qoşulmuş, cənab Prezidentin tövsiyə və tapşırıqlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrası uğurla yerinə yetirilir.
Mövcud imkanlardan səmərəli istifadə etməklə Ağdaşda tikinti-abadlıq və quruculuq işlərinin davam etdirilməsi, iqtisadiyyatın inkişafına təkan verəcək infrastruktur və sosial layihələrin icrası, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, dayanıqlı inkişaf və sabitliyin qorunması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilir.
Son illər Ağdaş rayonunda geniş miqyasda tikinti-quruculuq və abadlıq işləri görülmüşdür. Belə ki, yaşayış evləri, istehsal və sosial təyinatlı obyektlər inşa olunmuş, şəhərdaxili küçələr abadlaşdırılmış, yollara asfalt örtük vurulmuş, ictimai yaşayış binalarında təmir işləri aparılmışdır.
Ümumiyyətlə, ölkəmizdə elə bir sahə yoxdur ki, Azərbaycan Prezidenti onu müntəzəm nəzarətdə saxlamasın, respublikanın elə bir bölgəsi yoxdur ki, cənab Prezident orada olmasın və mövcud problemlərin həlli üçün dövlət tərəfindən tədbirlər görülməsini təmin etməsin.

















































































































































