Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 25-də Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak edib.
“Newpost.az” xəbər verir ki, dövlətimizin başçısı pansionatda yaradılan şəraitlə tanış olub.
Prezidentə məlumat verildi ki, bu pansionat ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə istifadəyə verilib. Ötən il isə burada əsaslı təmir işləri görülüb. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər.
Dövlət başçısı həmin gün ərzində Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində də iştirak etməklə çıxış edib.
Prezidentə məlumat verilib ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub.
Azərbaycan Respublikasının Prezidenti şəhid ailələri ilə görüşdə çıxışı zamanı şəhidlərin böyük şücaətinə toxunaraq onların qəhrəmanlığını yüksək dəyərləndirmişdir.
Dövlət başçısı son 30 ildə münaqişənin həlli prosesində ikili standartların Azərbaycanın əleyhinə işləməsini faktlarla sadalayıb. 44 günlük müharibənin gedişində də Azərbaycanın haqq işinə qarşı ikili standartlar tətbiq olunmuş, Ermənistanın havadarları təyyarələrlə çoxlu silah-sursatı düşmənə çatdırmışlar. Bu gün də revanşist meyllərə cəhd edən Ermənistanın havadarları tərəfindən silahlandırılması davam edir. Prezident qeyd etmişdir ki, nə qədər silahlansalar da dəmir yumruq onların cəzasını əvvəlkindən daha sərt şəkildə verəcək.
Torpaqlarımızın işğal altına düşməsində xəyanətkar mövqedə dayanan AXC-Müsavat cütlüyünün “xidməti” bir daha vurğulanmış, tarixdən ibrət dərsinin götürülməsinin vacibliyi qeyd edilmişdir.
Qeyd etmək lazımdır ki, Ağdaş rayonunda Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən hər zaman xüsusi diqqət və davamlı qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Böyük və möhtəşəm zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi dönəmində yüksək vətənpərvərlik duyğusu ilə səfərbər olunan 996 nəfər ağdaşlı gənc erməni təxribatçı qüvvələrinə qarşı döyüşmək üçün ön cəbhəyə yola düşmüş, onlardan 31 nəfəri torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə iştirak edərək yaralanların sayı 99 nəfərdir.
Müharibədən sonrakı dövr ərzində şəhid ailələri və yararlı əsgərlərin problemlərinin həll edilməsi məqsədilə rayonda ardıcıl tədbirlər həyata keçirilmiş, bu kateqoriyadan olan şəxslərin dolanışıq tərzində mövcud olan çətinliklərin həll edilməsi məqsədilə mütəmadi olaraq evlərinə baş çəkilmiş, bir qismi işlə təmin edilmiş, ərzaq sovqatı paylanmış, ehtiyacı olanlara maddi yardım verilmiş, ilkin tibbi yardıma ehtiyacı olanlara zəruri tibbi xidmət göstərilmişdir.
Vətənpərvərlik tərbiyəsi istiqamətində rayonda keçirilən tədbirlərə rəğmən ağdaşlı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə rayon mərkəzində xatirə lövhəsi quraşdırılmış, rayonun inzibati ərazi dairələrinin əhatəsində olan yaşayış məntəqələrinin görməli yerlərində hər bir şəhidin dəmir lövhələr üzərində döyüş yolunu əks etdirən portretləri quraşdırılmış, xatirə kompleksləri və bulaqlar salınmışdır.
Rayonun əksər təhsil və mədəniyyət müəssisələrində şəhidlərlə bağlı məlumat lövhələri, guşələr yaradılıb. Pandemiya dövründə karantin rejiminin tələblərinə uyğun olaraq onlayn formatında tədbirlər təşkil edilmişdir.
Son 30 ildə şəhid ailələri və Qarabağ əlilləri üçün rayonda 48 mənzilli yaşayış binası, 44 nəfər üçün isə fərdi mənzillər tikilmişdir. Müharibə əlillərinin 31 nəfəri avtomobillərlə təmin edilmişdir.