Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” dövlətin idarə olunmasında strateji planlaşmanın təcəssümüdür. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahə prioritetlərinin müəyyənləşməsinə xidmət edən bu strateji idarəetmə metodu, eyni zamanda, ölkəmizin gələcək inkişaf mənzərəsini də aydınlaşdırır. Milli Prioritetlər sosial-iqtisadi, ictimai-siyasi xarakter daşıması ilə yanaşı, mədəni-mənəvi, psixoloji mahiyyət də kəsb edir. Bu Prioritetlər cəmiyyətin inkişafına müsbət təkan verəcək və ictimai fikrin düzgün qidalanmasına müsbət təsir göstərəcək.
“Newpost.az” xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə bildirib.
Sosial-iqtisadi sahədə olduğu kimi, mədəni həyatda da inamla böyük təkamül yolu keçən Azərbaycanın dünyada sabit, təhlükəsiz, çağdaş həyat səviyyəsini təmin etmiş ölkə kimi tanınmasının qürurverici olduğunu vurğulayan idarə rəisi, ölkəmizin son illər artan beynəlxalq nüfuzunun 44 günlük Vətən müharibəsindən sonra yeni məzmun qazanaraq, daha da yüksəldiyini diqqətə çatdırıb.
O deyib: “İndi ölkəmiz yeni yol, enerji infrastrukturları, onların şaxələndirilməsi və yenilərinin açılması imkanları ilə fərqlənir. Ordumuzun düşmən üzərində parlaq qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizin ümumi iqtisadiyyatımıza verəcəyi töhfə, logistik sahədə yeni perspektivlər Azərbaycan Respublikasının inkişaf potensialını artıracaq. 44 günlük müharibədə əldə etdiyimiz uğur regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini də təmin etmiş oldu. Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə yenidən məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq. Gənclərimiz bu proseslərdə daha yaxından iştirak edəcək, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına nail olacaq.”
M.Cəfərzadə neft kapitalının insan kapitalına çevrilməsi siyasətini uğurla həyata keçirən ölkəmizin dayanıqlı iqtisadi yüksəliş metodlarının tətbiqində də model rolunu oynadığını bildirib: “Növbəti 10 il ərzində strateji yol xəritəsi rolunu oynayacaq Milli Prioritetlər 5 əsas amillə ölkənin gələcək inkişaf yolunu müəyyən edir: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.”
Onun sözlərinə görə, Milli Prioritetlərin yüksək inkişaf nöqtəsinə çatması günümüzdə iki dayaq nöqtəsi ilə daha çox bağlıdır – təhsil və ekologiya. Hazırda pandemiya səbəbindən bütün sistemlər eyni rejimə keçsə də, ənənəvi dövrdə Azərbaycan təhsili dünya standartları ilə ayaqlaşmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır. Ekoloji proseslərə nəzarət isə günümüzün ən aktual məsələsi və problemidir. Bu baxımdan “Dayanıqlı İnkişaf Məqsədləri”nin çox hissəsini də məhz ekoloji məqamlar təşkil edir.
“Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq, ekoloji təmiz texnologiyaların tətbiqinə önəm verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Dövlətin iqtisadi inkişafında Milli Prioritet kimi qəbul olunan ətraf mühitin qorunması vəzifəsi iki növbəti məqsədin effektiv reallaşdırılmasına xidmət edir: yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması və “yaşıl enerji” məkanının yaradılması. Təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqram ölkəmizin on illik inkişaf xəritəsidir və özündə yuxarıda qeyd etdiyim bütün mühüm məsələləri, problemlərin həllini ehtiva edir”, – deyə M.Cəfərzadə qeyd edib.
O, daha sonra deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda addımlayan qüdrətli Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar hər birimiz tərəfindən böyük iftixarla qarşılanır. Dövlət başçısının xalqın sosial-rifah halının yaxşılaşdırılmasına xidmət edən məqsədyönlü siyasətinin davamı olan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqram da məhz vətəndaşların sosial rifahının, uzunömürlülüyünün, sağlam həyat tərzinin, təhsilinin, təmiz ekoloji mühitin təmin edilməsinə böyük töhfələr verəcək.”