“BP artıq nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağını və “Şahdəniz” qaz yatağını istismar edir. Cənub Qaz Dəhlizi (CQD) yeni başa çatıb. Mən, həmçinin, pandemiya dövründə neft və qaz hasilatının davamlı olması ilə bağlı möhtəşəm nailiyyətləri də qeyd edərdim: BP-nin həyata keçirməli olduğu bütün təhlükəsizlik tədbirlərini nəzərə alsaq, bu, həqiqətən mürəkkəb idi və onlar çox yaxşı bacarıq nümayiş etdirdilər”.
Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp (James Sharp) deyib.
Səfir qeyd edib ki, BP-nin kəşfiyyat qazma işləri apardığı və ya seysmik məlumatları araşdırdığı bir sıra yeni konsessiyaları var: “Beləliklə, bütün bu səbəblərdən BP Azərbaycanda uzunmüddətli fəaliyyətə sadiq qalır. Ancaq BP-nin 2050-ci ilə qədər “sıfır emissiya” öhdəliyi götürdüyündən xəbərdarsınız, buna görə buradakı fəaliyyətlərinin bu hədəfə necə töhfə verdiyini araşdırmaq istəyəcəklər. Bərpa olunan enerji sahəsi onlar üçün əsas hədəfdir. Məsələn, onlar Azərbaycanda, həmçinin azad edilmiş ərazilərdə bərpa olunan enerji imkanları axtarırlar. Britaniyanın iqlim dəyişikliyi ilə bağlı liderliyini nəzərə alaraq, mənə elə gəlir ki, son 25 ildə Britaniya, Azərbaycan və BP-nin neft və qaz sektorunda böyük tərəfdaşlığı var və bərpa olunan enerjiyə doğru irəliləyərkən eyni tərəfdaşlığın növbəti 25 il üçün də əsas olaraq qalacağına inanırıq”.