Halhazırda müasir texnologiya dedikdə hər kəsin ağlında bir fikir formalaşır. Bəs müasir texnologiya nədir? Bu suala bir çox insan – əlimdəki telefon, komputerlər, sənaye maşınları və s kimi cavablar verə bilər. Lakin texnologiya anlayışı bizim bildiklərimizdən daha geniş bir anlayışdır.
Texnologiya-insanların ehtiyacları üçün alətlərin, ləvazimatların yaradılması və istehsalı üçün zəruri olan bilik qabiliyyətidir. Daha sadə dillə desək, texnologiya bəşəriyyətin elmdən istifadə edərək həyatı asanlaşdırmaq üçün etdiyi kəşfdir. Bəs deyildiyi kimi, doğurdan da texnologiya həyatımızı asanlaşdırır yoxsa əksinə qəlizləşdirir? İlk olaraq texnologiyanın yararlarına toxunaq.
– Onun əsas üstünlüklərinin biri ondan ibarətdir ki, o insan həyatını qədim dövrlərə nisbətən daha əlverişli edir. Məsələn, telefonu ixtirasını nümunə göstərsək deyə bilərik ki, əvvəllər insanların onlardan uzaqda yaşıyan insanlarla əlaqə qurmağı bir neçə aya mümkün olurdu. Lakin indiki dövrdə bu bir neçə saniyəyə mümkündür. Texnologiyanın digər yararlarına da nəzər yetirək: Müasir texnologiyalar sayəsində ötən illərdə ölümcül olan bir çox xəstəliyin müalicəsi tapılmışdır, xəstəlik, virus və digər səbəblərdən təhsil müəssisələrinə gedə bilməyən tələbələr, şagirdlər evdən təhsil ala bildilər, ölkələrarası səyahət asanlaşdı və tezləşdi, televiziya, radio və internet sayəsində operativ məlumat ala bilirik, texnologiyanın inkişafı ilə hətta kosmosdakı kəşflərin sayı günü-gündən artır. Keçmişə nəzər yetirsək, yer kürəsinin düz və ya dairəvi olduğu haqqda heç bir məlumata sahib olmayan bəşəriyyət artıq digər planetlərdə həyat axtarışındadır. Saydıqlarım yaşadığımız dövrə qədər texnologiyanın yararlarından bir qismi idi, bundan sonra da bizi əlbəttə bir çox texnoloji nailiyyətlər gözləyir.
– İndi isə onun zərərlərinə nəzər yetirək. Əslində hərşeyi həddindən artıq istifadə etmək zərərlidir, eləcə də müasir texnologiyanı. Texnologiyanın zərərləri bunlardır: insan əməyi tələb edən bəzi peşələrin avtomatikləşdirilməsi nəticəsində ləğv olunması riski, yüksək texnoloji silahlar nəticəsində dünyaya dəyə biləcək zərər, telefon və kompüterdən həddən artıq istifadə nəticəsində insanlar, xüsusən də, uşaqlar arasında assosiallıq, yuxusuzluq, radiasiya kimi mənfi təsirlərin artması, müasir texnologiyaların istehsalı üçün artan zavod fabriklərin havanı kirlətməsi, tənbəlliyin artması, yeni ağıllı evlər sayəsində oturduğumuz yerdən qalxmadan ev işlərini etmək, sosial media bağımlılığı və s.
Hal hazırda biz insanlar texnoloji paradoksun içində yaşıyırıq. Nə qədər faydalı tərəfləri olsa da bir o qədər zərərli tərəfləri də vardır. Mən müasir texnologiyaları bir növ Pandoranın qutusuna da bənzədirəm. Biz insanlar da texnologiyanın rahatlığından, həyatımızı asanlaşdırmağından heyran qalaraq onun aludəçisi olub zərərli tərəflərini üzə çıxardıq.















































































































































