44 gün davam edən Vətən Müharibəsi Şanlı Ordumuzun qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı düşmən işğalından azad etdi. Bununla da Azərbaycan öz qüdrətini bütün dünyaya nümayiş etdirmiş oldu.
Qələbənin əldə olunmasında dövlət idarə və müəssisələrindən könüllü olaraq ön cəbhəyə yollanan igid oğullarımızın da böyük rolu olmuşdur. Belə igidlərimizdən biri də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşı, ehtiyatda olan leytenant Əli Rizvan oğlu Məmmədovdur. Əli Məmmədov o igidlərimizdəndir ki, Vətən Müharibəsi başladığı ilk gündən könüllü olaraq cəbhəyə yollanıb və Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, eləcə də Laçın istiqamətində gedən gərgin döyüşlərdə böyük şücaət və mərdlik göstərib. O, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasını məhv edib. Məhz bu xidmətlərinə görə Əli Məmmədov Ali Baş Komandanın müvafiq sərəncamları ilə Cəbrayılın, Qubadlının və Laçının azad olunmasına görə medalları ilə təltif olunub. Bununla yanaşı ona döyüşlərdə göstərdiyi yüksək peşəkarlığına görə baş-leytenant hərbi rütbəsi verilib.
Qəhrəmanımızla fəxr edirik!
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycan xalqını və ordumuzu qorusun!
















































































































































