“ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar gözlənilən idi. Bu sanksiyalar Türkiyənin Rusiyadan aldığı S-400 raketləri ilə əlaqəlidir. Bunun günahkarı elə Amerikanın özüdür. Çünki, Türkiyə oxşar raket sistemlərini Amerikadan almaq istəyirdi”.
Bunu politoloq Elxan Şahinoğlu Amerikanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib. O qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana raket sistemlərini Türkiyəyə satacağını söz versə də, vədini yerinə yetirmədi: “Bundan sonra Ankara Moskva ilə danışıqlara başlamaq məcburiyyətində qaldı və “S-400” raketləriylə bağlı razılaşma əldə etdi. ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları iki hissədən ibarətdir.
Birincisi, ABŞ Türkiyənin müəyyən etdiyi şəxslərə qarşı sanksiya tətbiq edib. Həmin şəxslər Türkiyənin müdafiə sənayesinə rəhbərlik edənlərdir. Onların ABŞ-dakı mal varlıqları dondurulacaq, viza verilməyəcək. Amerika bu növ sanksiyanı əvvəllər də müxtəlif türkiyəli rəsmilərə qarşı tətbiq edirdi. Ancaq bu növ sanksiyaların heç bir mənası yoxdur. Çünki həmin şəxslər nə Amerikaya səfər etmək marağındadır, nə də Amerikada mal varlıqları var.