29 sentyabr 2020-ci il tarixində Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Həmvətənlərə Dəstək İctimai Birliyinin təsisçisi, “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin təbliği İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik leytenant Elmar Hüseyn tərəfindən vətənpərvərlik mövzusunda “Qələbə uzaqda deyil” konfransı baş tutub.
“Newpost.az” xəbər verir ki, konfrans “Əsgərə salam” aksiyası və şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükut ilə başlayıb. Giriş sözü ilə çıxış edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva iştirakçılara şəhidlərimizin qanının yerdə qalmayacağını, tez bir zamanda Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyini, qələbə qazanacağını bildirib.
Daha sonra ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseyn çıxış edərək bildirib ki, qələbə uzaqda deyil!
Daha sonra gənclərlə Vətənimizin şanlı tarixi haqqında müzakirələr aparılıb. Gənclərin tariximizi dərindən bilməsini, Vətənini sevməsini, qorumasını, informasiya müharibəsində güclü olmasını, sosial şəbəkələrdə diqqətli olub, düşmənə sirr verməməsinin əhəmiyyətini vurğulayıb və qəhrəmanlarımızın şərəfinə şüarlar səsləndirilib.
Qarabağ veteranı, ehtiyatda olan polkovnik-leytenant Rafael Asadulov gücümüzün birliyimiz olduğunu, hərkəsin döyüşə hazır olduğunu, qələbənin uzaqda olmadığını bildirərək, gənclərə uğurlar və gözəl gələcək arzulayıb.
Sonda gənclər Vətən mövzusunda şeirlər səsləndiriblər.