Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təxribatlar zamanı qadın və uşaqların hüquqlarını pozması və qətlə yetirməsinə dair bəyanat yayıb.
Məlumatda bildirilib ki, 27 sentyabr 2020-ci il, saat 06:00-dan başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı baş verib. Əvvəllər də mövcud atəşkəs rejimini dəfələrlə pozan Ermənistan silahlı birləşmələri bu dəfə bütün təmas xətti boyu hücuma keçərək, Azərbaycan mövqelərini, yaşayış məntəqələrini intensiv şəkildə müxtəlif növ silah və artilleriya qurğuları ilə atəşə tutmaqda, mülki və hərbi obyektlərə ciddi ziyan vurmaqda davam edir:
“Bu hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirməkdədir.
Dünən Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olub, ümumilikdə 27 nəfər mülki şəxs yaralanıb.
Bu hadisələr Ermənistanın cari ilin 12 iyul tarixində dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi zorakı və təcavüzkar əməllərinin davamı kimi qiymətləndirilir.















































































































































