Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 4-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv dövlətləri Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
“Newpost.az” xəbər verir ki, iclasda çıxış edən general-polkovnik Zakir Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir davam etdiyini, bunun nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün düşdüyünü görüş iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanın Müdafiə naziri vurğulayıb ki, ərazilərimizin 20%-nin MDB-nin üzvü olan bir dövlət tərəfindən işğalı faktı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən bu Birliyin normalarına və ruhuna ziddir.
Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi genişmiqyaslı təxribatın regional təhlükəsizliyə təhdid yaratdığını qeyd edən Müdafiə naziri eyni zamanda rəsmi Yerevanın Azərbaycanla MDB-yə üzv olan dövlətlər arasında münasibətlərə xələl gətirmək məqsədi güddüyünü də bildirib.