“Müstəqil şəxsin təbiət qoynunda istirahəti üçün çadır turizmini inkişaf etdirmək lazımdır”.
“Newpost.az” Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu öz açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov təbiət qoynunda müstəqil şəxslərin istirahətinin təşkilindən danışarkən deyib. O bildirib ki, Azərbaycan Turizm Assosiasiyası dəfələrlə bu mövzuya toxunub:
O bildirib ki, Azərbaycan Turizm Assosiasiyası dəfələrlə çadır turizminin inkişaf etdirilməsi ilə bağlı ideya verib:
“Amma ideyamız hələ də həyata keçmir. Çünki bunun maddi tərəfləri və dəstəklənməsi var. Əsas məsələ budur. İnsanın ya özü, ya da ailəsi ilə gedib meşədə, dağ ətəyində, göl qırağında istirahət etməsi müşkül məsələyə çevrilib. Sovet dövründə belə yerlərdə müstəqil istirahət edirdilər. Yəni, ərazini heç kim zəbt etməmişdi. İndiki zamanda gedib haradasa çadır qursan, o dəqiqə deyəcəklər ki, bura filankəsin yeridir”.
Müzəffər Ağakərimov qeyd edib ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmək lazımdır:
“Necə olur ki, meşələr, dağətəyi yerlər, göl qıraqlarını kimlərsə zəbt edib, kimlərsə götürüb? Bu necə olur? Müstəqil istirahət etmək üçün məhz həmin yerlərə gedən insanlara problem yaranır. Ona görə də nazirlik deməlidir ki, hansı yerlərdə istirahət etmək olar, yaxud da hansında olmaz. Sanitar-gigiyenik normalara əməl edilməlidir. Ərazi təmiz saxlanılmalı, yerə zibil tullanmamalıdır, qablaşdırılmalıdır və s. Bu kimi yerlər məsələsi həll olunsa, hər bir Azərbaycan vətəndaşı müstəqil istirahət edəndə həm də ucuz başa gələr. Onlara ancaq yer lazımdır. Çadırı onsuz da özü ilə götürür. Çadırlar da olmasa, çadır kirayə verən yerlər olmalıdır. Bu barədə də turizm qurumları fikirləşməlidir”.
Müzəffər Ağakərimov təəssüf hissi ilə yaxşı işlərin unudulduğunu deyib:
“Bu, kütləvi turizm növü olduğuna görə aztəminatlı ailələr, tələbələr, təqaüdcülər üçün çox lazımlı və zəruri olan turizm növüdür”.